Bu, MG markasının 2006-cı ildə çinlilər tərəfindən satın alındığından sonra hazırladığı ilk yeni sportkarıdır. Açıq kuzovlu avtomobil brendin 100 illiyinə həsr olunub. O, demək olar ki, seriyaya getməyə hazırdır və gələn il satışa çıxarılmalıdır. Müxtəlif gücü olan iki variant təklif ediləcəkdir - bir və ya iki mühərrikli.
Çin-İngilis brendi Şanxay avtosalonunda ikiyerli Cyberster elektrik rodsterini nümayiş etdirib. Bu, 2021-ci ildə təqdim edilən eyniadlı konseptin sonrakı inkişafıdır. O zaman, MG şirkəti beş minə yaxın ilkin sifariş alıb və layihənin seriyaya göndərilməsinə qərar verilib.
Elektrik rodsterin uzunluğu 4535 millimetr, eni - 1913 millimetr, hündürlüyü isə 1329 millimetrdir. Yəni, MG rodsteri Porsche 718 Boxster modelindən bir qədər böyük, Mazda MX-5 rodsterindən isə, nəzərəçarpacaq dərəcədə uzundur. Yeri gəlmişkən, sonuncu keçən əsrin 80-ci illərinin ortalarında 60-cı illərin super uğurlu MG MGB rodsterinin müasir iterasiyası kimi yaradılmışdı.
Rosdterin xüsusiyyətləri arasında qatlanan yumşaq dam və gilyotin tipli yuxarı açılan qapılar var. Son casus şəkillərindən görüündüyü kimi, idman avtomobili Tesla üslubunda şturvala sahib olacaqdır. Dərc edilmiş renderlərdə ənənəvi sükan çarxını da görmək də olar: ola bilsin ki, alıcılara sükan çarxını seçmək imkanı veriləcəkdir.
Avtomobil iki güc qurğusu ilə təklif olunacaqdır: 309 at qüvvəli tək mühərrikli və ya 536 at qüvvəli ikimühərrikli. Lakin rodster heç də yüngül alınmayıb: tək mühərrikli versiya 1850 kiloqram, iki mühərrikli versiya isə demək olar ki, iki ton (1985 kiloqram) çəkiyə malikdir.
MG (Morris Garages) şirkəti ingilis aristokratı və iş adamı Uilyam Morris tərəfindən yaradılıb: əvvəlcə o, yalnız ona məxsus olan Morris brendinin dileri kimi fəaliyyət göstərmişdi. 20-ci illərin ortalarında o, Oksforddakı emalatxanalarında subkompakt Morris modellərinin aqreqatlarında idman avtomobillərinin kiçik miqyaslı istehsalına başlayıb.
Şirkət ilk növbədə yığcam, yüngül və ucuz idman avtomobilləri ilə məşhurlaşıb. 1952-ci ildə MG markası ana şirkəti ilə birlikdə British Motor Corporation (BMC) holdinqinin tərkibinə daxil olub və uzun illər sonra bir sıra birləşmə və yenidən təşkilatlanmalar nəticəsində MG Rover qrupuna çevrilib.
Məhz bu şirkət 2006-cı ildə müflis elan edildikdən sonra Çin avtomobil istehsalçısı Nanjing Automobile tərəfindən alınmış, bir il sonra SAIC Motor dövlət holdinqinin mülkiyyətinə keçmişdir.
Çinlilər əvvəlcə MG TF rodsterini buraxmağa davam ediblər, lakin tez bir zamanda MG brendi altında özlərinin hazırladığı büdcə hetçbekləri və krossoverlərinin istehsalına başlayıblar.
MG brendi hazırda Avropada dörd elektromobili (MG4 EV hetçbeki və MG5 EV, MG ZS EV, MG Marvel R Electric krossoverləri) və bir hibridi (MG HS Plug-in Hybrid krossoveri) satır. Çində model xətti daha genişdir - məsələn, model çeşidində böyük MG7 liftbəki var.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.