Çinin SAIC konserni MG markasını Avropada fəal şəkildə tanıdır və artıq əhəmiyyətli uğurlar da əldə edib. MG markası tarixi vətəni olan Böyük Britaniyada uğurlu satışları davam etdirir. 2019-cu ilin payızında, uzun fasilədən sonra, kontinental Avropaya qayıdan MG markası hibrid və elektromobillərin hesabına satışları artırmağa müvəffəq olub.
Hazırda Çində istehsal edilən avtomobillər 200-dən çox dilerin fəaliyyət göstərdiyi Avropa Birliyinin 16 ölkəsində satılır. 2018-ci ildə Avropa bazarında doqquz min MG, 2019-cu ildə - 14 min, 2020-ci karantin ilində - 22 min, 2021-ci ilin birinci yarısında - 21 min avtomobil (onlardan yeddi mini kontinental Avropada) satılıb.
Kontinental Avropadakı yeni model xətti (soldan sağa): MG ZS EV, MG EHS hibridi, MG Marvel R və MG 5 Electric elektromobilləri
Köhnə Dünyanda satılan vacib modellərindən biri, 2019-cu ildə debüt edən və artıq 15 mindən çox alıcı tapan yığcam MG ZS EV elektrik krossoveridir. Buna görə də, yenilənmiş versiyanın təqdimatı Çində deyil, məhz Avropada baş tutub. Üstəlik, elektrik versiyası orijinal benzin MG ZS modeli ilə müqayisədə daha ciddi dəyişikliklərə məruz qalıb: mühəndislərin qarşısında duran əsas vəzifə yürüş məsafəsini artırmaq olub.
Əgər əvvəllər MG ZS EV modeli WLTP dövrəsinə əsasən cəmi 263 kilometr məsafə qət etməyə imkan verən 44,5 kilovat-saatlıq litium-ion dartma batareyası ilə təchiz edilirdisə, indi iki krossover modifikasiyada təklif olunur və onların hər ikisi də bu göstəriciyə görə, yenilənmədən öncəki avtomobili üstələyir.
Standard Range versiyası 50,3 kilovat- saatlıq batareyaya, 320 kilometrlik yürüş məsafəsinə və gücü 6,6 kilovat olan yükləmə cihazına malikdir. Long Range versiyası isə, 70 kilovat-saatlıq batareyaya, 440 kilometrlik yürüşə və 40 dəqiqə ərzində enerji ehtiyatının 80 faizini bərpa edə bilən 11 kilovatlıq yükləmə cihazına malikdir.
Yürüş məsafəsinin artırılmasına yeni və daha qənaətli elektrik mühərriki də kömək edib. MG ZS EV krossoveri on oxda quraşdırılmış 204 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir. Xatırladaq ki, əvvəlki mühərrik 143 at qüvvəsi və 353 Nm təklif edirdi. Elektrik krossoveri 100 km/saat həddini toplamağa 8,6 saniyə sərf edir. Bundan başqa, elektromobil 500 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə alabilər. Krossoverin baqaj bölümünün həcmi 448 litrdir.
Krossoverin eksteryeri də dəyişib: benzin versiyasınının ardınca elektrik versiyası da yeni diod işıqlandırma texnologiyasını, fərqli bamperləri və təkər disklərini əldə edib. Dizaynerlər radiator barmaqlığının təqlidindən imtina ediblər və indi onun yerini kuzov rənginə boyanmış bağlı panel tutub. Yükləmə konnektoru isə emblemin altında deyil, onun yanında yerləşir.
Krossoverin uzunluğu 4323 millimetr, bəyan edilmiş klirensi isə 161 millimetrdir. İnteryer də yenilənib: salonda yeni mərkəzi konsol və 10,1-düymlük ekrana malik olan müasir iSmart media sistemi (klimat-kontrolun idarəetməsi ekrana inteqrasiya olunub), habelə yeddi düymlük virtual cihazlar paneli quraşdırılıb.
Yenilənmiş MG ZS EV elektromobilləri oktyabrın sonunda Avropa bazarında satışa çıxarılacaqdırlar. Yalnız bundan sonra yenilənmiş model Çində təqdim ediləcəkdir. Köhnə Dünyada qiymətlər 31 min avrodan başlayır, Long Range versiyası isə 35 min avroya qiymətləndirilib.
Yeri gəlmişkən, eyni zamanda, Avropada bu baharda debüt edən daha böyük və daha güclü MG Marvel R krossoverinin satışlarına başlanmalıdır. Bu krossover 40 min avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir. 2022 -ci ilin birinci rübündə isə, 30 min avroya satılacaq yenilənmiş MG 5 Electric universalı Avropa bazarında satışa çıxarılacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.