15 il əvvəl Çin mülkiyyətinə keçən Britaniya brendi həyatındakı yeni mərhələyə məhz MG 7 modeli ilə başlayıb. O zamankı MG 7 sedanı 90-cı illərdə BMW şirkətinin himayəsi altında yaradılmış Rover 75 modelinin bir variantı olsa da, çinli alıcılar üçün Avropa mənşəli parlaq və arzuolunan bir yenilik idi. İlk nəsil MG 7 modelinin istehsalı 2013-cü ildə başa çatsa da, yalnız indi onun birbaşa varisi peyda olub - bu, ikinci nəsil MG 7 liftbəkidir.
Yeni MG 7 liftbəki təkcə brendin yeni flaqmanı deyil, həm də qara loqotipləri daşıyan ilk MG modelidir. Şirkət belə bir rəng nişanını idman xarakteri olan ən temperamentli avtomobilləri işarələmək üçün təsis edib. Üstəlik, ümumi elektrikləşdirmə meylinin əksinə olaraq, “qara” MG’lər daxili yanma mühərrikləri ilə təchiz ediləcəklər.
Bununla belə, klassik quruluşdan və arxa ötürmədən söhbət gedə bilməz. MG 7 köndələninə yerləşən mühərriki olan önötürməli platformada inşa edilib. Çin debütantı ölçüsünə görə Skoda Superb liftbəkinə yaxındır: onun uzunluğu 4884 millimetr, eni - 1889 millimetr, hündürlüyü isə, 1447 millimetrdir. Oxlar arasında məsafə Superb modelindəki 2778 millimetrə qarşı 2841 millimetrdir. Ancaq kuzovun tərzi və nisbətləri tamamilə başqadır.
MG 7 atletik kuzov xətlərinə, “batırılmış” qapı tutacaqlarına (opsiya) və buraxılış sisteminin böyük çıxış borularına sahibdir. Liftbək çərçivəsiz qapılara və 100 km/saatın üzəriindəki sürətlərdə avtomatk şəkildə qalxan spoyleri olan baqaj qapağına malikdir. Təkər diskləri 18 ilə 20 düym arasında diametrə malik ola bilərlər. Opsiyalar arasında sürüşərək açılan bölməsi olan panoram dam da var. Yaylı asqı adaptiv amortizatorlarla təchiz edilib.
İnteryer son meyllərə uyğun olaraq dizayn edilib. Ön paneldə vahid şüşənin altında yerləşən 10,25-düymlük rəqəmsal cihazlar paneli və media sisteminin 12,3 düymlük sensorlu ekranı var. Multimedia “hava” üzərindən məsafədən yeniləmə funksiyasına malikdir.
Tamamlanmış reallıqlı proyeksiya ekranı və on dörd dinamikli Bose səs sistemi də MG 7 modelinin avadanlıq siyahısına daxl edilib. Mühərriki işə salma düyməsi mərkəzi tuneldə, Sport rejiminin aktivləşdirməsi düyməsi isə sükan çarxında yerləşdirilib.
Çin minik avtomobilindən V6 mühərrikini gözləmək axmaqlıq olardı: yerli vergi sistemi buna imkan vermir. Buna görə də, MG 7 üçün yeni 2,0-litrlik birbaşa püskürtməli “turbodördlük” hazırlanıb ki, onun əsas xüsusiyyəti istiqamətləndirici aparatın dəyişən həndəsəsinə malik olan turbokompressordur. İndiyə qədər yalnız Porsche və Volkswagen bu texnologiyanı benzin mühərriklərində kütləvi şəkildə tətbiq edib, dizel mühərriklərində isə, o artıq adi hala çevrilib.
Qeyd etmək gərəkdir ki, Çin mühərrikində belə bir turbinin peyda olması, Volkswagen şirkətinin belə texnologiyaya malik olan 1,5 TSI evo mühərriklərinin istehsalını bu ölkədə lokallaşdırdıqdan dərhal sonra baş verib. MG mühərrikinin hasilatı 261 at qüvvəsi və 405 Nm fırlanma anıdır.
Eyni zamanda, MG 7 modeli doqquz pilləli avtomatik transmissiyanı əldə edən ilk seriya avtomobili olub. Modelin təchizatına elektron idarəolunan diferensial kilidinin daxil olunduğu da bəyan edilib. Liftbək 100 km/saat həddini 6,5 saniyə toplayır, 230 km/saat həddinə qədər sürətlənir. Onun WLTC dövrü üzrə orta yanacaq sərfiyyatı 100 kilometrə 6,9 litrdir.
Bununla belə, 188 at qüvvəli 1,5-litrlik turbomühərriki və maksimal sürəti 210 km/saat olan daha sadə versiya bir müddət sonra debüt etməlidir. Lakin hələlik bu modifikasiya barədə başqa məlumat verilməyib.
Yeni MG 7 liftbəki Çin bazarına payızda çıxacaqdır. İlkin məlumata görə, MG 7 Trophy top versiyası təxminən 30 min dollara başa gələcəkdir. MG 7 modelinin digər bazarlara ixracı barədə hələlik məlumaat verilməyib. Çin istehsalçısı liftbəki ixrac etməyə qərar verərsə, MG 7 modeli Azərbaycan bazarında da debüt edə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.