MG şirkəti Toyota HiLux ilə rəqabət aparacaq çərçivəli pikap hazırlayır. Brendin Avstraliya filialının baş direktoru Piter Çao jurnalistlərə pikapın buraxılmasının Çindəki baş ofislə müzakirə olunduğunu bildirib. Mütəxəssis qeyd edib ki, Yaşıl Qitədəki ilk üçlükdə yer almaq üçün, model xəttində pikapın olması mütləqdir. Ona görə də, MG belə bir modeli öz portfelinə əlavə etməyi qarşısına məqsəd qoyub. Bununla belə, MG pikapın hazırlanmasında tələskənliyə yol vermək istəmir.
MG Australia nümayəndəliyinin məhsul şöbəsinin rəhbəri Akşat Ahuca pikap ideyasnın güclü lobbisinin olduğunu və "yaxşı şeylərin vaxt tələb etdiyini" bildirib. Menecer açıq şəkildə texnoloji proseslərin davam etdiyini, yeni model üzərində çox işlədiklərini, lakin debütdən əvvəl məhsulun lazımi sınaqlardan keçməli olduğunu da qeyd edib. Üstəlik, məhsulun keyfiyyətinin təmin edilməsinin də vacib olduğunu bildirib.
MG hazırda inkişaf etməkdə olan ölkələrdə Extender pikapını satır, lakin bu model elə də müasir deyil və Toyota Hilux və Ford Ranger pikapları ilə asanlıqla rəqabət apara bilməz. Bununla belə, Çindəki SAIC ana konserni çərçivəli modellərin bütöv bir çeşidini istehsal edir, buna görə də, resurs çatışmazlığından söhbət gedə bilməz. MG nümayəndəsi Cyberster rodsteri ilə şirkət istənilən avtomobili yaratmağa qadir olduğunu sübut etdiyini də söyləyib. Əvvəllər MG partnyorlarının həllərindən istifadə edərək tez bir zamanda yeni məhsullar hazırlayıb.
Avstraliyada ən çox satılan dizel pikaplarıdır, lakin MG öz yolu ilə gedə bilər. Benzin, hibrid və ya elektrik variantları nəzərdən keçirilir, lakin jurnalistlərə güc qurğusunun növü ilə bağlı yekun qərarın qəbul edildiyi barədə məlumat verilməyib. MG şirkətinin strateji məqsədi onilliyin sonuna qədər Avstraliya bazarında ilk üçlüyə daxil olmaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.