Yeni Aceman krossoveri Çində, Cooper modeli ilə eyni xəttdə istehsal olunacaq. Kiçik ölçülərinə baxmayaraq, krossover geniş salona sahib olacaq və ön oxda yeganə elektrik mühərriki olan iki modifikasiyada təklif ediləcək. Krossover dolu batareya ilə 400 kilometr məsafə qət edə biləcək, sürücüyə ünvanlanmış xarakteri və MINI şirkətinin ilk tamölçülü səs köməkçisi ilə təəccübləndirəcək. Aceman modelinin Avropadakı satışlarına cari ilin payızında başlamaq planlaşdırılır.
MINI Aceman krossoveri ingilis brendinin premium subkompakt seqmentinə daxil olmaq üçün ilk cəhdidir. Uzunluğu dörd metrdən bir qədər çox olan yenilik beş nəfərlik geniş salona və həcmi 300-1005 litr arasında dəyişən geniş baqaj bölümünə malikdir. Aceman MINI model xəttində Cooper və Countryman modellərinin arasında yerləşəcək. O, Çində və yalnız elektrik mühərrikləri ilə istehsal olunacaq.
Başlanğıc MINI Aceman E veriyası 184 at qüvvəsi və 290 Nm fırlanma anına malik olan elektrik mühərrikini alacaq və 100 km/saat həddinə 7,9 saniyəyə sürətlənəcək. 42,5 kilovat-saatlıq batareya WLTP dövrünə əsasən 310 kilometrlik yürüş ehtiyatını təmin edəcək. Aceman SE versiyası 218 at qüvvəsi və 310 Nm hasil edən mühərriki, həmçinin 54,2 kilovat-saat tutumu olan batareyanı alacaq. Belə elektromobil 100 km/saata 7,1 saniyəyə sürətlənəcək və dolu batareya ilə 406 kilometrə qədər məsafə qət edəcək.
Aceman, modifikasiyadan asılı olaraq 11 kilovat gücündə DC və ya 75/95 kilovat gücündə SC şarj cihazlarını dəstəkləyir. Krossoverin asqısında sərt köndələn dayanıqlılıq stabilizatorlarından, sükan mexanizmində isə, kartda hərəkət hissi yaradan qısa sükan reykasından istifadə olunub. Minimalist eksteryer dizaynı, orijinal MINI modelinin müəllifi Alek İssiqonisin ən yaxşı ənənələrinə uyğun dizayn edilmiş eyni üslunda interyer ilə birləşdirilib.
Aceman modelinin ön panelində diametri 240 millimetr olan dəyirmi OLED “boşqab” var. Multimedia MINI Operating System 9 əməliyyat sisteminə əsaslanır və ilk dəfə olaraq tamölçülü səs köməkçisi ilə təchiz edilib. O, gündəlik dialoqlardan özünü təkmilləşdirə və gündəlik tapşırıqları yerinə yetirə bilər. Cooper modelində olduğu kimi, ön panelə işıq proyeksiya edən və səkkiz əvvəlcədən təyin edilmiş profilə malik olan MINI Experience selektoru da var. Dörd təchizat səviyyəsi təklif ediləcək: Essential, Classic, Favoured və idman JCW.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.