Mini markası NEXTGen konfransında yeni Urbanaut şou avtomobili barədə təfərrüatları açıqlayıb. Futuristik dizayna malik olan elektrikli pilotsuz nəqliyyat vasitəsi yalnız yeganə qapıya və pəncərə rolunu oynayan qalxan alın şüşəsinə malikdir. Gərək olduqda, minivenin salonunu müəyyən ehtiyacların təmin olunması üçün transmormasiya etmək mümkündür: səyahət, istirahət və ya ünsiyyət üçün.
Urbanaut konsepti britaniya markasının dizaynının inkişaf istiqamətini nümayiş etdirir. Məsələn, avtomobilin fənərləri alüminiumdan olan barmaqlığın altında yerləşir və yalnız yanarkən görünür. Fənərlərin özləri çoxrənglidir və fərqli şəkillər göstərə bilirlər. Məsələn, avtopilot işə salındıqda işıq texnikasının qrafikası dəyişir. Arxa matrisa fənərləri də eyni prinsiplə işləyir və alüminium barmaqlığın altında yerləşirlər.
Urbanaut konseptinin digər bir xüsusiyyəti də, içəridən işıqlandırılan şəffaf təkər diskləridir. Hərəkət rejimindən asılı olaraq, onlar öz görünüşlərini dəyişdirə bilərlər. “Radiator barmaqlığı” səkkizguşəli formaya malikdir və avtonom idarəetmə sistemləri üçün sensorlar paneli rolunu oynayır - onun altında sensorlar və lidarlar gizlənirlər.
Cəmi üç hərəkət rejimi nəzərdə tutulub: Wanderlust (sürücünün idarəetmədə iştirak edə biləcəyi yeganə rejim), Vibe (ünsiyyət üçün) və Chill (istirahət üçün). Wanderlust rejimi Mini loqosuna toxunmaqla aktivləşdirilir, bundan sonra salon transformasiya olur: pedallar, sükan və ön panel önə çıxır. Avtonom idarəetmə aktiv olduqda isə, sükan və pedallar yığışdırılır.
Vibe işə salındıqda sürüşən yan qapı açılır, ön şüşə pəncərə kimi bir qədər açılır, mərkəzi ekran isə multimedia sisteminin idarəetmə mərkəzinə çevrilir. Chill rejimində arxa divanın yeri dəyişdirilir, mərkəzi dairəvi ekran masa lampasına çevirilir.
Urbanaut konsepti seriya modelinə çevrilmək şansı olmayan bir konseptdir. Çox güman ki, bu səbəbdən şirkət texniki detallar, o cümlədən minivenin güc qurğusu barədə məlumatla paylaşmayıb.