Mini avtomobillərinin müasir çeşidini iki qola bölmək olar. Birinci, Great Wall şirkəti ilə birgə yaradılmış Cooper J01 və Aceman modellərini özündə birləşdirən Çin elektrik xəttidir. İkinci, hələ də daxili yanma mühərriklərini qoruyub saxlayan ənənəvi Avropa xəttindən olan Countryman krossoveri və Cooper F66 hetçbekdir.
Sonuncu hal-hazırda yalnız mülki versiyalarda mövcuddur, lakin tezliklə modifikasiya çeşidinə John Cooper Works "qaynar" versiyası da daxil olacaq. Onun təqdimatı bu yaxınlarda keçiriləcək “Nürburqrinqin 24 Saatı” marafonu çərçivəsində baş tutmalıdır.
Hələlik avtomobilin kuzovu Mini stilistləri tərəfindən hazırlanmış qırmızı və ağ rəngdə olan dizayner örtüyünün altında gizlədilib. Bu çalarlar altmışıncı illərin Mini yarış avtomobillərinin rəng sxeminə ehtiramın əlamətidir.
Bundan əlavə, Mini brendinin 1964-cü ildə Monte Karlo Rallisində qazandığı qələbənin şərəfinə prototip ralli avtomobilinin bort nömrəsi – “37” rəqəmi ilə bəzədilib. Buna baxmayaraq, sutkalıq marafonda iştirak edəcək iki yarış avtomobili fərqli identifikasiyaya malik olacaqlar.
Bulldog Racing komandasının 317 nömrəli Mini John Cooper Works Pro prototipi SP3T sinifində yarışacaq, yəni o, xüsusi hazırlanmış prototipdir.
474 nömrəli ikinci Mini John Cooper Works, demək olar ki, seriya avtomobilləri üçün yaradılmış VT-2 sinifində yarışacaq. Özü də bu avtomobil üçün mexaniki transmissiya bəyan edilib. Hər iki sinif 2,0-litrlik turbomühərrikimdən istifadəni nəzərdə tutur.
“Qaynar” hetçbekin xüsusiyyətləri hələlik açıqlanmayıb. Ancaq indiki Mini Cooper modelinin əvvəlki nəslin dərin restaylinqinin bəhrəsi olduğunu nəzərə alsanız, onların “qaynar” versiyalarının texniki cəhətdən oxşar olacağını da söyləmək gərəkdir.
Əvvəlki Mini JCW hetçbeki 2,0-litrlik turbomühərriklə (231 at qüvvəsi, 320 Nm) təchiz edilirdi. Transmissiyaya gəlincə isə, altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik ötürmələr qutusu arasında seçim etmək təklif olunurdu.
Bununla belə, sonuncunun Mini John Cooper Works Countryman krossoverində yeddi pilləli preselektiv “robot” ilə əvəzlənməsini nəzərə alsaq, yeni hetçbekdə də belə qutunun quraşdırılacağını gözləmək olar.
Təfərrüatları tezliklə öyrənəcəyik: “Nürburqrinqin 24 Saatı” marafonu 1-2 iyun tarixlərində baş tutacaq. Gələcəkdə ingilislər Mini JCW hot-hetçbekini tamamilə elektrik ötürməsinə keçirəcəklərini bildiriblər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.