Mini şirkəti Böyük Britaniyada təklif edilən model xəttini bir qədər sadələşdiribdir. Bu sadələşmənin digər ölkələrə də siraət edəcəyi hələlik müəmma olaraq qalır.
"Autocar" dərgisinin məlumatına əsasən, bütün Mini modelləri artıq üç tərtibat variantında təklif ediləcəkdirlər: Classic, Sport və Exclusive. Bunlardan birincisi, adından da göründüyü kimi, ən sadə təchizata malik olan baza variantıdır. Sport variantının təchizatına John Cooper Works kuzov dəsti, idman oturacaqları və idman asqısı daxildir. Nəhayət, Exclusive variant dəri salona və genişləndirilmiş avadanlıq siyahısına sahib olacaqdır.
Üstəlik, bu variantlar üçün nəzərdə tutulmuş əlavə avadanlıq siyahısını da sadələşdiriblər - yəni, onlar da dəst şəklində təklif olunurlar. Məsələn, Comfort və Comfort Plus dəstinə klimat-kontrol, oturacaqların isidilməsi və arxa görüntü kamerası olan parktronik daxildir. Naviqasiya sisteminə malik olan müasir multimedia sistemini Navigation və Navigation Plus dəstlərində sifariş etmək olar. Müxtəlif elektron yardımçıları əldə etmək üçün Driving Assist Pack dəstini əldə etmək gərəkdir.
Daha bir yenilik Mininin dizel mühərriklərindən imtina etməsindədir. Əlbəttə ki, eksteryerin fərdiləşdirmə variantları saxlanılıbdır. “Sadələşdirilmiş” Mini modellərinə sifarişlər 1 noyabr tarixindən şirkətin saytı vasitəsi ilə qəbul ediləcəkdir. İlk avtomobillər müştərilərə yanvar ayında çatdırılacaqdırlar.