Mini şirkəti yeni nəsil Clubman universalının ən güclü və yeyin modifikasiyasını təqdim etmişdir. Mini Clubman John Cooper Works (JCW) modifikasiyasının kütləvi təqdimat mərasimi bu günlərdə işinə başlayacaq Paris avtomobil sərgisində keçiriləcəkdir.
Mini Clubman JCW modeli 231 at qüvvəsinə və 350 Nm fırlanma anın amlik olan 2,0-litrlik dörd silindirli benzin turbomühərriki ilə hərəkətə gəlir. Yeni modifikasiya Clobman Cooper S modifikasiyasından 39 at qüvvəsi və 80 Nm daha güclüdür. Güc aqreqatı altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilə bilər. Yeni model ilk “yüzlüyü” 6,3 saniyəyə toplayır və 238 km/saat maksimal sürətə malikdir. Mini Clubman JCW həmçinin, differensialın qapanmasını təqlid edən All4 tam çəkiş sistemini, idman xarakeristikaslı təkmilləşdirilmiş asqı sistemini, Brembo əyləc mexanizmlərini, təkmilləşdirilmiş buraxılış və soyutma sistemlərini və 18-düymlük təkər disklərini əldə etmişdir. Əlavə ödəniş etməklə adaptiv amortizatorları və 19-düymlük təkər disklərini sifariş etmək mümkündür. Yeni modifikasiya standart universaldan dəyişdirilmiş bamperlərlə və arxa spoylerlə seçilir. Salonda isə yeni sükan çarxı, paslanmayan poladdan olan pedallar və sürətlər qutusunun idman üslublu dəstəyi quraşdırılmışdır. Avtomobilin Avropadakı satışlarına gələn ay başlanmalıdır.