«Autocar» dərgisinin əldə etidyi məlumata görə, Mini şirkəti yığcam ölçülərə malik olan sedan kuzovlu avtomobil buraxmaq niyyətindədir. Bu barədə xəbər yayan dərgi eyni zamanda Mini sedanının renderini də hazırlamışdır. Bununla belə, sedanın buraxılacağı barədə məlumat istehsalçı tərəfindən rəsmi olaraq təsdiqlənməmişdir. Mini şirkətindəki mənbələrin bildirdiyinə görə, yeni dizayna malik olan sedanın istehsalı markanın inkişaf variantlarından biridir. 2012-ci ildə Mini tərəfindən qəbul edilmiş planda beş və ya altı yeni modelin buraxılacağı qeyd edilmişdir.

Beləliklə, üç və beş qapılı hetçbekin, kabrioletin və Clubman universalının yeni nəslinin debütündən sonra, Britaniya markasının «yol xəritəsində» iki yeni modelin - yeni nəsil Countryman krossoverinin və «Autocar» dərgisinin iddia etdiyi yığcam sedanın qaldığı ehtimal olunur.

Yeni sedan Mini avtomobilləri və öndən çəkişli BMW modelləri üçün istifadə edilən UKL platformasında hazırlana bilər. Avtomobilin təkər bazasının, keçən yayda debüt etmiş Clubman modeli eyni ölçüdə (2670 millimetr) olacağı ehtimallar arasındadır. Eyni zamanda sedanın uzunluğunun 4300 millimetr olacağı barədə şaiyələr mövcuddur. Əgər söylənənlər doğrudursa, yeni sedan Audi A3 və Mercedes-Benz CLA modellərindən qısa olacaqdır ki, bu da avtomobilin öz sinifində ən qısa sedan olacağı anlamına gəlir.

Göx güman ki, yeni sedan Riley və ya Triumph adlandırıla bilər. Bilindiyi kimi, bu markaların hüquqları Mini şirkətinin sahibi olan BMW konserninə məxsusdur. Sedanın satılacağı başlıca bazarlar Şimali Amerika və Çin bazarı olacaqdır. Bunula belə, yeni sedanın satışları dünyəvi xarakter daşıyacaqdır.