Mini şirkəti Frankfurt avtosalonunda nümayiş etdirəcəyi John Cooper Works GT konseptini təqdim edib. Avtomobil Britaniya markasının Monte-Karlo rallisindəki qələbəsinin 50 illik yubileyinə həsr edilib.
Hetçbek karbondan hazırlanmış aqressiv görkəmli aerodinamik kuzov dəstinə sahib olub. Dəstin tərkibinə iri splitteri və hava girişləri olan ön bamper, təkər tağları genişləndiriciləri, aerodinamik elementlər quraşdırılmış yan “ətəklər”, diffuzoru olan arxa bamper və iri antiqanad daxildir. Konsept avtomobilinin interyeri maksimum dərəcədə sadələşdirilib: mühəndislər örtükləri, səs və havalandırma sistemlərini yığışdıraraq, qapı dəstəklərini parçadan qayışlarla əvəz ediblər.
Hetçbek təhlükəsizlik karkası, beşnöqtəli yarış oturacaqları, rəqəmsal cihazlar paneli və proyeksiya displeyi ilə təchiz edilib. Bundan başqa, ötürmələr sükanaltı dəstəklər vasitəsi ilə həyata keçirirlir. Avtomobilin texniki hissəsi barədə məlumat verilməyib.
Xatırladaq ki, 2012-ci ildə təqdim edilmiş GT indeksli “Kuper” trek avtomobili, 218 at qüvvəli 1,6-litrlik turbomühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdi. Yerindən 100 km/saat həddinə avtomobil 6,3 saniyəyə sürətlənirdi. Şirkətdən, həmin trek avtomobilində tətbiq edilmiş ideyaların Frankfurt konseptində inkişaf etdirildiyi bildirilib.
Yeni konseptin seriyaya gedəcəyi barədə məlumat verilməyib.