Buick eyni vaxtda Çində üç nəsildən olan GL8 minivenini istehsal edir və satır. Çeşidə 2010-cu ilin GL8 Legacy (ikinci nəsil), 2016-cı ilin GL8 ES (üçüncü nəsil) və 2022-ci ilin GL8 Century (dördüncü nəsil) daxildir. Onlar qiymət seqmentlərinə görə ayrılıblar, lakin ən müasir (həmçinin ən bahalı) Century modeli ən az tələbata malikdir: keçən il cəmi 20 min miniveni satılıb. Müqayisə üçün, Legacy və ES minivenlərini isə, 111 min alıcı seçib.

Buna görə də, Buick hələlik bu "üçlü ittifaqdan" imtina etməyi planlaşdırmır və köhnə modelləri modernləşdirməyə davam edir. Bu günlərdə Çində yenilənmiş Buick GL8 ES miniveni təqdim olunub.

Əslində minivenin genişmiqyaslı restaylinq hələ yazda həyata keçirilib, çünki məhz həmin zaman üçüncü nəslə əsaslanan Buick GL8 PHEV təkrar doldurulan hibridi debüt edib.

Hibrid miniven bir neçə ay əvvəl satışa çıxarılıb, indi isə, hibridin bütün yenilikləri adi Buick GL8 ES benzin miniveninə də qismət olub. Odur ki, GL8 modelinin üçüncü nəsli ən dəbli və qabaqcıl olub, çünki yalnız onun hibrid versiyası var!

Minivenin görünüşü köklü şəkildə dəyişib. Köhnə GL8 ES modelini yalnız aşağı pəncərə xətti və qapılardakı pəncərə haşiyələrinin xarakterik qövsü biruzə verir, çünki faktiki olaraq bütün xarici kuzov panelləri dəyişdirilib.

“Köpəkbalığı burnu” yeni Pure korporativ üslubda hazırlanıb, ikimərtəbəli matrisa faraları quraşdırılıb, ön və arxa tərəflərdə kuzovun bütün eni boyunca işıqlı zolaq var, qapı tutacaqları isə, irəli çıxandırlar (belə tutacaqlar hətta Century versiyasında belə yoxdur). Hətta yan güzgülər də yenidir! Avtomobilin uzunluğu bir qədər dəyişib (5219 millimetr), lakin eni (1878 millimetr) və hündürlüyü (1807 millimetr) eynidir.

Salon tamamailə yenidir. O, ən son GL8 Century modelinin üslubunda hazırlanıb, lakin bəzi əlavələrə malikdir: məsələn, havalandırma sisteminin deflektorları gizlidirlər, axının istiqamətini isə, ekranda tənzimləmək lazımdır.

Burada yalnız bir ekran  - 30 düym diaqonalı və 6K qətnaməsi olan ekran var: sol tərəf cihazlar panelinə, sağ tərəf isə, media sisteminə cavabdehdir. Böyük söz ehtiyatı ilə seçilən yeni səs köməkçisi peyda olub: o, cəmi 0,3 saniyəyə aktivləşir, bir sözü tanımaq üçün isə, 0,8 saniyə vaxt lazımdır.

Buick GL8 ES çeşiddəki orta model olaraq, yalnız yeddi nəfərlik versiyada təklif edilir, baxmayaraq ki, hibrid üçün istisna var: o, altı nəfərlik salonu olan Avenir üst versiyasına (üçüncü cərgədə ayrı oturacaqlar quraşdırılıb) və ikinci cərgədə qatlanan masalara malikdir.

Ancaq yuxarı təchizat səviyyələrində istənilən halda nappa dərisindən istifadə olunur, tavanda qatlanan "TV" (15,6 düymlük) və 12 dinamikli Bose audio sistemi var. Bütün yan qapıların şüşələri, ön şüşələr və hətta ön dayaqlardakı üçbucaqlı şüşələr iki qatlıdırlar (5 millimetr qalınlığında), panoram damın sahəsi isə, artırılıb.

Benzin mühərrikli Buick GL8 ES miniveni əvvəlki texnikanı saxlayır. Bu, 48 voltluq startyor-generator və doqquz pilləli avtomatik transmissiyaya ilə birlikdə çalışan 2,0-litrlik Ecotec turbomühərrikdir (237 at qüvvəsi, 350 Nm).

Miniven 100 km/saat həddinə 9,6 saniyəyə sürətlənir. Asqı daha rahat tənzimləmələri əldə edib, ikinci səviyyəli avtopilot (yəni qabaqcıl kruiz-kontrol) isə, baza versiyasından başqa bütün versiyalarda mövcuddur.

Buick GL8 PHEV plagin hibridində ardıcıl və paralel rejimlərdə işləyən yeni güc aqreqatı debüt edib. Onun tərkibinə 1,5-litrlik benzin “turbodördlüyü” (180 at qüvvəsi, 250 Nm), iki pilləli transmissiya və dartma elektrik mühərriki (218 at qüvvəsi, 330 Nm) daxildir.

Miniven əsasən elektrik dartması ilə hərəkət edir, lakin yüksək sürətlərdə daxili yanma mühərriki təkərlərə qoşula bilər (ötürmə yalnız ön oxadır). Sistemin pik hasilatı 397 at qüvvəsi və 580 Nm təşkil edir. 24,4 kilovat/saatlıq dartma batareyası elektrik rejimində 138 kilometrlik yürüş üçün kifayət etməlidir. Dolu benzin çəni ilə minivenin mənzili 1370 kilmetrə (CLTC dövründə) çata bilər.

Çində yenilənmiş Buick GL8 ES modelinin qiyməti 270 mindən 370 min yuan (37-51 min dollar) arasında dəyişir. Hibrid nəzərəçarpacaq dərəcədə bahadır: 360 mindən 420 min yuana (50-58 min dollar) qədər.

Lakin o, eyni 2,0-litrlik turbomühərrik və avtomatik transmissiya ilə təchiz olunsa da, qiyməti 470 mindən 700 min yuana (65-97 min dollar) qədər olan GL8 Century modelindən ucuzdur. Yeri gəlmişkən, Century versiyası da GL8 ES modeli kimi qabaqcıl səs idarəetməsi olan yeni media sisteminə malikdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.