Şotlandiyanın bu qədər gözəl təbiətə malik olduğunu eştsəm də, sözün açığı bu qədərini gözləmirdim. Səs-küylü, tozlu-dumanlı Bakıdan sonra Edinburq yaxınlığında olan qədim malikanədə özümü şotland lordu kimi hiss edirdim. Təmiz hava, ətrafdakı yaşıllıq və əsasən sakitlik insana rahatlıq və hüzur verirdi. Uilyam Uollasın vətəninə gəliş səbəbimiz isə, yenilənmədən sonra “X” indeksinə sahiblənmiş, Opel Mokka krossoverinin avtomobil jurnalistləri üçün təşkil edilmiş press-testləri idi.

Şotlandiyanın qədim tarixi ilk brifinqin təşkil edildiyi Dalmeny House qəsrinin içərisindəki abu-havadan görünürdü. Əsil dəri, taxta və şotland viskisinin ətirlərin olan hava qarışığı insanı məst edirdi. Opel şirkətinin mütəxəssisləri belə bir şəraitdə bizə yenilənmədən sonra krossoverlə baş vermiş dəyişikliklər barədə məlumat verdilər. Qeyd etməliyəm ki, bir neçə il bundan öncə testlərini Hamburq yaxınlığındakı Sankt-Peter Ordinq yaxınlığında keçirdiyimiz əvvəlki Mokka krossoveri ilə müqayisədə yenilənmiş avtomobil daha cazibədar görünür. Bununda əsas səbəbləri avtomobilin eksteryerinin dizaynında baş verən dəyişikliklərdir.  Yenilənmiş krossoverin çöhrəsinə yeni nəsil Opel Astra modelinin tanış cizgilərini görmək olar. Avtomobilin xarici görkəmində olan dəyişikliklər yeni radiator barmaqlığından, ön və arxa bamperlərdən, həmçinin işıq diodlarıdan hazırlanmış tam yeni ön və arxa fənərlərdən ibarətdir.  Həqiqətən də, edilmiş dəyişikliklər Mokka X modelini daha cəld və iti görünüşlü etmişdir. Hesan edirəm ki, radiator barmaqlığının və ön fənərlərin uğurlu dizaynı buna nail olmağa şərait yaratmışdır. Arxa hissədə dəyişikliklər o qədər də radikal xarakter daşımırdı – dizaynerlər  arxa fənərlərin formasını saxlayaraq yalnız tərtibatını yeniləmişdirlər. Artıq Opel avtomobillərinin tanınan simvoluna çevrilmiş cütlənmiş “ox başlığını” arxa fənərlərdə də müşahidə etmək olar. 

Opel Mokka X modelinin qabarit uzunluğu 4275 millimetr, eni - 1781 millimetr, hündürlüyü - 1658 millimetr, təkər bazasının uzunluğu isə 2555 millimetrdir.

Avtomobilin interyerindəki dəyişikliklər eksteryerə nisbətən daha ciddi xarakter daşıyır.  Ön paneldə ən çox nəzərə çarpan element yeni cihazlar paneli idi.  Dizaynerlər cihazlar panelindəki  “quyuları” daha sadəsi ilə dəyişdirmiş, cihazlar panelinin mərkəzində yerləşən monoxrom displeyi rənglisi ilə əvəz etmişdirlər.  Edilmiş dəyişikliklər cihazlar panelindəki məlumatı sürücüyə daha aydın çatdırmağa xidmət edir. Eyni zamanda, mərkəzi konsolda yerləşən havalandırma sisteminin deflektorlarının yeri və forması dəyişdirilmişdir. Bunun əsas səbəbi,  ön paneldə yerləşdirilmiş sensorlu ekrandır ki, onun sayəsində  də mərkəzi konsolda olan düymələrin sayı minimuma endirilmişdir. Təbii ki, idarəetmə sisteminin düymələr bloku da dəyişikliyə məruz qalmışdır. Yeri gəlmişkən, bu ekranı iki variantda sifariş etmək mümkündür: 7- və 8-düymlük variantlarda. Həmçinin, göründüyü kimi, ekran artıq ön panelin üst hissəsində deyil, bilavasitə onun özündə quraşdırılmışdır.  Yeganə dəyişməyən element USB, AUX, SD portları olan paneldir – o əvvəlki kimi mərkəzi konsolun alt hissəsində yerləşdirilmişdir. Keçən testlər zamanı da biz bu portun yerləşməsinin ondan istifadə zamanı müəyyən narahıtçılıq yaratdığını qeyd etmişdik.

Yüngül yolsuzluq Mokka X üçün mane deyil

Şotlandiyaya gətirilmiş bütün test avtomobillə yeni 1,6-litrlik CDTi dizel mühərriki ilə təchiz edilmişdir. Bu güc aqreqatı Mokka X üçün təklif edilən dizel mühərrikləri arasında ən güclüsüdür. Dizel mühərriki 136 at qüvvəsi gücə və 320 Nm fırlanma anına malikdir. Bundan başqa,  bu mühərrikin 110 at qüvvəsi və 300 Nm fırlanma anı olan variant da mövcuddur. Opel Mokka X üçün daha geniş çeşiddə  benzin mühərriklər təklif edilir.  Bunlardan birincisi, keçən testlərdən tanış olan 140 at qüvvəli və 200 Nm fırlanma anı olan 1,4-litrlik turbomühərrikdir.  İkinci mühərrik isə, yenilənmiş crossover ilə birlikdə debüt edən 152 at qüvvəsi və 245 Nm fırlanma anı olan birbaşa çiləməli 1,4-litrlik ECOTEC Turbo mühərrikidir. Sonuncu mühərrik isə, 1,6-litrlik EcoFlex mühərrikidir ki, o da 115 at qüvvəsinə və 155 Nm fırlanma anına malikdir.  Sonuncu mühərrik yalnız 5-pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Qalan mühərriklər isə 6-pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə komplektləşdirilir.  Mokka X modelləri standart olaraq öndən çəkişlidirlər. Tam çəkiş sistemi 140 və 152 at qüvvəsi olan 1,4-litrlik turbomühərriklər və 136 at qüvvəli dizel mühərriki olan, həmçinin yalnız mexaniki qutu ilə təchiz edilmiş krossoverlərdə quraşdırıla bilər.

İnteryeridə tətbiq edilən materialların kefiyyəti hiss olunacaq dərəcədə yüksəlmişdir

Bizim sərəncamımza verilən avtomobillər, yuxarıda qeyd etdiyim kimi, 1,6-litrlik dizel mühərriki və altı pilləli mexaniki sürətlər qutusu, həmçinin tam çəkiş sistemi ilə təchiz edilmişdi. Opel marketoloqları benzin mühərrikləri və atomatik sürətlər qutusu ilə təchiz edilmiş modelləri gətirməkdən imtina etmişdirlər. Adətən bu sayaq testlərdə müxtəlif  növ mühərrik və sürətlər qutusu ilə təchiz edilmiş avtomobillər təklif edilir. Bu dəfəki kasad seçim bir qədər qəribə görünürdü. İstənillən halda güclü dizel mühərriki və mexaniki sürətlər qutusunun tandemi məndə yaxşı təəssüratlar yaratdı. Bu tandem avtomobili həm avtobanda, həmdə ilan kimi qıvrılan dar dağ yollarında gərək olan güc və fırlanma anı ilə kəsintisiz təmin etdi. Qeyd etmək lazımdır ki, yenilənmədən əvvəlki mühərrik daha çox yüksək “traktorsayağı” səsi ilə seçilirdi. Bunu yenilənmiş mühərrikə şamil emək olmaz – yeni mühərrik qulağa xoş gələn səsə malikdir. Üstəlik mühərrik bölümünün gücləndirilmiş səs qoruyucu təbəqəsi sayəsində avtomobilin salonunda demək olar ki, güc aqeratının səsini eşitmək mümkün deyildir. Lakin bu, yeni mühərrikin yeganə üstün cəhəti deyildir – dizel aqreqatı kiçik iştahası ilə də seçilir ki, qarışıq rejimdə onun yanacaq sərfiyyatı 4,3 litrə bərabərdir.

Şotlandiyanın dar yollarıda Mokka X öz mühitindədir

Opel mühəndisləri eyni zamanda  adaptiv tam çəkiş sisteminin tənzimləmələri üzərində də çalışmışdırlar. Adi halda avtomobil öndən çəkişlidir, lakin qeyri sabit şəraitdə mühərrikin firlanma anı oxlar arasında 50:50 nisbətində bölünə bilər. Həm tam çəkiş sisteminin, həm də xarakteristikaları yenilənmiş asqının işini yoxlamaq üçün təşkilatçılar testlərin marşrutunda ofrodu nəzərdə tutan hissədə təşkil etmişdilər.  Hava şəraiti də bunun üçün tam uyğundu. Hava yağmurlu idi və torpaq yolları sürüşkən etmişdi. İlkin olaraq biz avtomobili çəmənlikdə yoxladıq – Mokka X yaşıl otlarla örtülmüş təpəyə, təkərlərin birinin belə yerində fırlanması olmadan, problemsiz çıxdı .  Növbəti dəfə isə biz, krossoveri palçıqlı və dolanbaclı meşə yollarında sınadıq – Mokka yenə də gərək olan sabitliyi nümayiş etdirdi. Opel mühəndislərinin avtomobilin asqısının kinematikası və sükan sisteminin xarakteristikası üzərində də müəyyən işlər aparmışdırlar. Testlər zamanı bunu kefiyyəti o qədər də yaxşı olamayan Şotlandiyanın şəhər və kənd yollarında  aydın hiss etmək olardı. Mokka X modelinin asqısı sələfinə nisbətən daha elastik və səssiz işi ilə fərqlənirdi. Sükan sistemindəki dəyişikliklər də idarəetməni daha başa düşülən etmişdi. Əgər əvvəlki testimizin material ilə tanış olsanız,  sükan sisteminin lazım olduğundan daha iti olduğunu bildirmişdik.  

Arxa cərgədəki sərnişinlər də razı qalacaqdırlar

Əlbəttə ki, avtomobil sektorundakı son tendensiyalara uyğun olaraq Opel Mokka X bir sıra müasir texnologiyalarla təchiz edilir. Bu texnologiyalardan ən maraqlısı Opel Eye adlanan sistemdir ki, bu sistem quraşdırılmış rəqəmsal kamera vasitəsi ilə yol nişanlarının tanınması və zolaqlara nəzarət sistemlərinin, adaptive ön fənərlərin və adaptive kruiz-kontrolun fəliyyətinə birbaşa dəstək verir. Başqa bir yeni texnologiya AFL LED adaptive fənərlər sistemidir ki, bu system əvvəlki BiXenon AFL+ sistemini əvəz etmişdir. Diər bir sistem isə, daima yardım-nəzarət mərkəzi ilə əlaqə yardan OnStar xəbərdarlıq sistemidir. Əlbəttə ki, Mokka X hər bir Opel markasından olan avtomobil kimi AGR sertifikatına malik olan ön oturacaqlarla da təchiz edilir. Opel Mokka X sahiblərinin ən çox sevəcəyi texnologiya ikinci nəsil IntelliLink əyləncə-məlumat sistemi olacaqdır. Apple CarPlay və Android Auto əlavələrinə dəstək verən bu sistem smartfondan daha təhlükəsiz istifadə etməyi təmin edəcəkdir. Növbəti ürəkaçan avadanlıq isə Bose premium səs sistemidir.  Dəbdəbə sevənlər üçün də yaxşı xəbər vardır – bundan sonra interyerin  qəhvəyi rəngli dəri ilə üzlənməsini də sifariş etmək də olar.

Nəticə olaraq yenilənmiş Mokka X modelinin sələfinə nisbətən daha dinamik görkəmə və gediş xüsusiyyətlərinə malik olduğunu söyləmək olar. Mokka X modelinin interyerinin tərtibatında istifadə edilən materialların kefiyyətinin də hiss olunacaq dərəcədə yüksəldiyinin şahidi olduq. Bir sözlə, Opel mütəxəssisləri Mokka X modelinin istehlak kefiyyətini yüksəltmək üçün bütün imkanlardan istifadə etmişdirlər. Yığcam ölçüləri sayəsində Opel Mokka X şəhər şəraitində sahibinin həyatını yüngülləşdirməyə qadirdir.

 Bakı-Edinburq-Bakı

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt