Bugatti şirkəti öz pərəstişkarlarını avtomobillərinin açıq versiyaları ilə tez-tez sevindirmir. Bu yaxınlara qədər damı olmayan sonuncu fransız hiperkarı 2012-ci ildə buraxılmış Bugatti Veyron 16.4 Grand Sport Vitesse modeli idi, Chiron modelinin isə, bu günə qədər açıq kuzovlu versiyası olmamışdı.
2022-ci ildə Pebble Beach Concours d'Elegance müsabiqəsində nümayiş etdirilmiş Bugatti W16 Mistral tezliklə Chiron hiperkarının açıq versiyasının buraxılacağından xəbər verirdi. O vaxt Mistral spayderi seriyaöncəsi statusuna malik idi, indi isə, əmtəə avtomobillərinin istehsalına başlanılıb.
Mistral hiperkarı Chiron modelinə əsaslanır, lakin baza modelinin adına indeksin əlavə edilməsi əvəzinə, fransızlar ona tamamilə yeni adın verilməsi qərarına gəliblər. Açıq kuzovlu Bugatti W16 Mistral həm zahiri, həm də konstruktiv olaraq Chiron kupesindən kifayət qədər fərqlənir.
Yeni spayderin dizayn elementləri artıq eksklüziv La Voiture Noire və ekstremal Bugatti Bolide modellərində sınaqdan keçirilib. Bununla belə, onları vahid bir obrazda birləşdirən məhz açıq kuzovlu Mistral hiperkarıdır. Qeyd etmək gərəkdir ki, Mistral ümumiyyətlə hər hansı bir dam örtüyünə malik deyil.
Brendin texniki direktoru Emilio Servonun sözlərinə görə, Chiron kupesinin sadəcə dam örtüyündən məhrum edilməsi “Bugatti markasının güzəştsiz yüksək standartlarına cavab verməzdi”.
Yeni xarici kuzov panellərinin peyda olması ilə yanaşı, formasında qismən dəyişikliklər edilmiş karbon monokok da təkmilləşdirməyə məruz qalıb. Kuzovun sərtliyini qorumaq üçün ən yeni, daha yüngül və daha davamlı kompozit materiallardan istifadə olunur.
Qapılar sıfırdan yaradılıblar ki, bu da mümkün yan zərbənin enerjisini daha yaxşı mənimsəməyə imkan verir. Yuxarı hava girişlərinin korpuslarının dizaynı təkcə güclü W16 mühərrikini hava ilə təmin etmək və aerodinamikanı yaxşılaşdırmaq üçün optimallaşdırılmayıb.
Avtomobilin aşması halında onlar həm də onun ağırlığına tab gətirə bilərlər. Nəhayət, salonda dam örtüyü olmayan avtomobilin istismar xüsusiyyətlərini kompensasiya etmək üçün nəzərdə tutulmuş xüsusi audiosistem və aşınmaya davamlı xüsusi dəri üzlük peyda olub.
Dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki 1600 at qüvvəsi və 1600 Nm hasil edir. Xatırladaq ki, Chiron Super Sport kupesi də eyni göstəricilərə malikdir. Maksimal sürət 420 km/saatdır.
Mistral belə mühərriklə təchiz edilən sonuncu Bugatti olacaq! Rimac ilə birləşdikdən sonra fransız şirkəti daha az silindrə, lakin elektrik üstqurumuna malik olan tamamilə yeni hiperkarın hazırlanmasına başlayıb.
Bugatti W16 Mistral spayderi 99 nüsxəlik tirajla istehsal ediləcək. Lakin onların hamısı hiperkarın Pebbl-Biçdəki ilk nümayişdən əvvəl satılıb. Artıq ilk avtomobillər müştərilərə çatdırılıb.
Hər Mistral spayderinin qiyməti təxminən beş milyon avrodur və bu, istehsalın başlanğıcında baza Chiron hiperkarı üçün istənilən məbləğdən demək olar ki, iki dəfə bahadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.