Üç il bundan öncə Mitsubishi şirkəti e-Evolution konsept avtomobili yadınızdadır? Yapon mətbuatının xəbərlərinə görə, bu il konsept seriya krossoverinə çevrilməlidir. Əfsanəvi Evolution adının dirçəlişi hələlik təsdiqlənməyib, lakin avtomobilin ümumi konsepsiyası 2017-ci ilin konsepti ilə eyni olacaqdır.
Yeni model kupeyə bənzəyən krossover olacaq, firma "X-face" dizayn üslubunda eksteryeri və interyerdəki ekran bolluğu ilə seçiləcəkdir. Əlbəttə, konsept ilə müqayisədə dam dirəklərinin meyl bucağı bir qədər dəyişəcək, mərkəzi dirəklər tətbiq ediləcək və arxa qapılar normal istiqamətdə açılacaqdır.
Konsept üç elektrik mühərriki ilə hərəkətə (biri qabaqda, ikisi arxada) gəlirdi, lakin elektomobilin seriya variantı ikimühərrikli olacaqdır (hər oxda biri). Göründüyü kimi, gələcək Mitsubishi krossoveri Nissan Ariya modelinin ən yaxın qohumu olacaqdır.
Yeni krossover, Ariya modeli kimi CMF-EV platformasında inşa ediləcəkdir. Ən güclü Ariya Performance modeli 394 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə təchiz edilir. Belə krossover 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir. Böyük ehtimalla, Mitsubishi elektrik krossoveri "daha qaynar" olacaqdır. Yeni krossoverin satışına 2021-ci ilin payızında başlanmalıdır.