Gözlənildiyi kimi, yeni Mitsubishi Airtrek krossoverini bu günlərdə işinə başlayan Çunçin avtosalonunda nümayiş etdiriblər. Lakin yeni modeli ziyarətçilərə canlı olaraq yapon markasının stendində deyil, böyük ekranda göstəriblər. Yəni, hazır avtomobili sərgiyə gətirməyiblər. Atalar demişkən – buna da şükür! Hər halda yeni avtomobilin eksteryer və interyeri haqqında məlumat almış oluruq.
2001-ci ildə işıq üzü görən ilk Airtrek modeli Yaponiya bazarı üçün nəzərdə tutulmuş Outlander modeli idi. Yeni Airtrek isə, Mitsubishi üslubunda dizayna malik olan Aion V çin elektromobilidir. Krossover GAC Mitsubishi birgə müəssisəsi tərəfindən yaradılıb və yalnız Çin bazarında satılacaqdır.
Yeri gəlmişkən, Aion markası da GAC konserninə məxsusdur. Ölçülərinə görə, çin krossoveri Mitsubishi Eclipse Cross modeli ilə müqayisə oluna bilər: Aion V modelinin uzunluğu 4586 millimetr, qiyməti isə 28 min dollardan başlayır.
Göründüyü kimi, Aion V modelinin Mitsubishi Airtrek krossoverinə çevrilməsi prosesi loqotip dəyişikliyi ilə məhdudlaşmayıb. Yapon markasının loqotipini daşıyan krossoveri firma Dynamic shield dizayn üslubunda eksteryer dizaynına malikdir. Yapon modeli fərqli bamperlərə və işıq texnikasına, fərqli dekora malikdir. Üstəlik, dizaynerlər “süzən damdan” imtina ediblər.
Krossoverin interyeri də tamamilə dəyişdirilib. Ön paneldə, son zamanlar dəbdə olan iki ekranı birləşdirilən vahid panel əvəzinə iki ayrı disley quraşdırılıb – üstəlik, cihazlar paneli günəşliyin altında gizlədilib. Yeni üçqollu sükan çarxı və tərtibatı dəyişdirilmiş ikisəviyyəli mərkəzi konsol peyda olub.
Salondakı genişlik kompaktvenlə müqayisə edilə bilər – burada rəvan döşəmə və cərgələr arasındakı geniş məkan mövcuddur.
Avtomobil barədə texniki məlumat verilməyib. Donor Aion V modeli 184 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən yeganə elektrik mühərrikinə malikdir. Dolu batareya ilə krossover 600 (NEDC) kilometr məsafə qət edə bilər. Yeri gəlmişkən, Aion V modelinin tam ötürməsli versiyasının olacağı da vəd edilib.
Mitsubishi Airtrek modelinin tam ölçülü təqdimatı ilin ikinci yarısında keçirilməlidir. (c) Autograph.az