Beş il əvvəl Mitsubishi Motors Avropa bazarını tərk etməyə hazırlaşırdı, lakin tez bir zamanda bu fikirdən imtina edərək, əvəzinə süni çeşidi yaratmağa başlayıb və yerli çeşidi üzü dəyişdirilmiş Renault modelləri doldurub. Artıq avropalı alıcılara Mitsubishi Colt hetçbeki (Renault Clio) və Mitsubishi ASX (Renault Captur) krossoveri təklif olunur. İndi isə, bu qəbildən olan üçüncü model təqdim edilib - daha böyük Mitsubishi Grandis krossoveri.

Bu ad çoxlarına tanışdır: əvvəllər bu adla 2003-cü ildən 2011-ci ilə kimi Yaponiya və Taylandda istehsal olunan yığcam miniven satılırdı. Orijinal Mitsubishi Grandis miniveni Outlander krossoveri ilə eyni platformanı paylaşır və dünyanın bir çox ölkəsində satılırdı. Grandis miniveninin formal varisi Mitsubishi Delica D:5 miniveni sayılır, odur ki, Grandis adı indi tamamilə fərqli bir avtomobilə verilib.

Yeni Mitsubishi Grandis, öz növbəsində, Captur modelinin uzadılmış versiyası olan 2024-cü ilin Renault Symbioz krossoverinin üzü dəyişdirilmiş variantıdır. Yəni, Mitsubishi brendi çeşidindəki ASX və Grandis modelləri eyni avtomobilin müxtəlif növləridir. 4410 millimetr uzunluğunda olan yeni Grandis krossoveri beş nəfərlik salona və həcmi 434-1582 litr arasında dəyişən baqaj bölümünə malikdir.

Yeni Mitsubishi modeli fransız orijinalından yalnız dizaynı ilə fərqlənir. Ön panel Dynamic Shield korporativ üslubda hazırlanıb, bununla belə, kapot, qanadlar, faralar və hətta qeyri-adi gündüz hərəkət işıqları Renault Symbioz modelindən götürülüb. Arxa tərəfdə fərqlər bir qədər çoxdur: Grandis arxa işıqların daha böyük hissələri olan orijinal beşinci qapıya malikdir. 17-19 düymlük təkər diskləri də özünəməxsus dizaynı ilə fərqlənirlər.

Salonda cəmi iki fərq var – sükan çarxının Mitsubishi embleminə uyğunlaşdırılımış mərkəzi hissəsi və Dacia avtomobillərindən götürülmüş fərqli transmissiya selektoru. Digər cəhətdən Grandis modelinin interyeri Simbioz modelinin tərtibatını tam şəkildə təkrarlayır. Arxa cərgəni də uzununa istiqamətdə 160 millimetr diapazonunda hərəkət etdirmək olar ki, bu da baqaj bölməsinin həcmini dəyişdirməyə imlan verir. Ənənəvi Mitsubishi adları ilə işarələnmiş dörd təchizat səviyyəsi təklif olunur (Inform, Invite, Intense, Instyle). Seçimlər arasında MI-Pilot adını da almış adaptiv kruiz-kontrol var.

Mitsubishi Grandis krossoverinin baza versiyası 12 voltluq startyor-generatoru olan 1,3-litrlik benzin turbomühərriki (140 at qüvvəsi) ilə təchiz edilir. Lakin benzin mühərrikli Symbioz yalnız altı pilləli mexaniki transmissiya ilə əlçatandırsa, Grandis üstəlik yeddi pilləli preselektiv “robotu” ilə də təklif olunur. Alternativ - ötən ilin yazında təqdim edilmiş yeni nəsil Renault E-Tech hibrid sistemidir. O, 1,8-littrlik atmosfer mühərrikdən, sinxronizatorsuz və muftasız üçvallı robotlaşdırılmış ötürmələr qutusundan və onun ardınca quraşdırılmış dartma elektrik mühərrikindən ibarətdir. Ümumi güc 158 at qüvvəsinə bərabərdir. Ötürmə istənilən halda ön təkərlərədir.
Mitsubishi Grandis krossoverləri Symbioz, Captur və ASX modellərinin istehsal olunduğu İspaniyanın Valyadoliddəki Renault zavodunda buraxılacaq. Yeniliyin Avropadakı satışlarna bu ilin dördüncü rübündə başlanmalıdır, lakin belə bir Grandis başqa bazarlarda satılmayacaq. Bu qəbildən olan dördüncü modelin debütü sentyabrın 17-nə planlaşdırılır: Mitsubishi Eclipse Cross elektrik üzü dəyişdirilmiş Renault Scenic E-Tech modeli olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.