Mitsubishi Motors şirkəti pərəstiş obyektinə çevrilmiş Lancer Evolution modelinin isteshalını bərpa etmək niyyətindədir. Lancer Evo XI istehsala buraxılarsa, onu “bərkgedən” Renault Megane RS hetçbekinin platformasında inşa edəcəklər.
Yeni avtomobil Renault-Nissan-Mitsubishi alyansının birgə çalışmasının nəticəsi olacaqdır. “Autocar” nəşrinin bildirdiyinə görə, “bərkgedən” sedan 2,0-litrlik benzin turbomühərriki və robotlaşdırılmış transmissiya ilə təchiz ediləcəkdir. Model üçün nəzərdə tutulan tam ötürmə sistemini Mitsubishi şirkəti S-AWC sisteminin əsasında hazırlayacaqdır. Bu sistem avtomobilin döngələrdəki sürətini qiymətləndirərək, çatmayan və izafi dönməni tənzimləyir. Fırlanma anının təkcə oxlar arasında deyil, həmçinin bütün təkərlər arasında paylanması avtomobilə arxa oxun sürüşmə bucağını və dərəcəsini azaltmağa yardım edir.
Xatırladaq ki, 10-cu nəsil Mitsubishi Lancer Evolution modelinin istehsalına 1992-ci ildə başlanmış və 2016-cı ildə son verilmişdiur.