Mitsubishi Motors şirkəti e-Evolution konseptual elektrik krossoveri haqqında məlumatı dərc edib. Lancer Evolution modelini əvəz edəcək krossoverin nümayişi bu ayın sonunda keçirilən Tokyo avtosalonunda baş tutacaqdır.
Yeni avtomobil üç elektromotora və süni intellektin əsasında hazırlanmış fərdi köməkçiyə sahib olacaqdır. Konseptin mühərriklərindən biri ön oxda, ikisi isə arxa oxda yerləşdirilib və elektronika ilə idarələnən aktiv arxa differensial bloku ilə birləşdiriliblər. Elektromotorların hansı növ batareyalardan qidalandığı açıqlanmayıb. Konseptin “beyin mərkəzi” süni intellektdən ibarət fərdi köməkçi olacaqdır. Bu köməkçi, sürücü və elektron sistemlərin birgə fəaliyyətini yol şəraitindən asılı olaraq koordinasiya edəcəkdir. Bundan başqa, onun təhsil proqramı da mövcuddur ki, sistem sürücünün bacarığını qiymətləndirərək, ona təlim proqramını təklif edəcəkdir. Buraya səslə verilən və ya ismarıclar vasitəsi ilə cihazlar panelində göstərilən məsləhətlər aiddir.
Fərdi köməkçi sürücü ilə ünsiyyət qura da bilər: bunun üçün lazım olan səsin tanınması və onun təhlili funksiyası olan xüsusi texnologiyalardan istifadə ediləcəkdir. Beləliklə, səslə fənərləri, klimat-kontrolu və ya şüşəsilənləri idarə etmək mümkün olacaqdır.