Bu gün Mitsubishi şirkəti söz verdiyi kimi, Yaponiya bazarında satılacaq Outlander PHEV modelini təqdim edib. Nə qədər təəccüblü görünsə də, hibrid krossoveri yapon markasının ən vacib modellərindən biridir – 2013-cü ildən bəri 290 min ədəd hibrid buraxılıb. İlk zamanlarda, Outlander PHEV krossoveri Avropada ən çox satılan hibridlərdən biri olub.
Xatırladaq ki, yeni nəsil Outlander modeli Renault-Nissan-Mitsubishi ittifaqının CMF-C/D modul platformasına keçib və texniki cəhətdən Nissan X-Trail modelinin yaxın qohumu olub. Lakin PHEV versiyası mühəndislik baxımından özünəməxsusluğunu qoruyub – hibrid qurğu Mitsubishi şirkətinin öz məhsuludur.
Yeni qurğu həm ardıcıl, həm də paralel rejimdə çalışan əvvəlki sistemin inkişaf etdirilmiş variantıdır. Bununla belə, Nissan şirkətinin e-Power adlanan öz ardıcıl sistemi var və bu sistemi Outlander ilə eyni platformanı bölüşən X-Trail modelində də tətbiq edəcəklər.
Dartma elektromotorları daha güclü olublar: ön mühərrik indi əvvəlki 82 at qüvvəsi və 195 Nm-in əvəzinə 116 at qüvvəsi və 255 Nm, arxa mühərrik isə, əvvəlki 90 at qüvvəsi və 137 Nm-in əvəzinə 136 at qüvvəsi və 195 Nm hasil edir. Mühərriklər müxtəlif dartma xarakteristikalarına malikdirlər və elektronika müxtəlif sürətlərdə onların hasilatını çevik şəkildə idarə edir.
Yaponlar belə transmissiyanı, Lancer Evo modelindən götürülmüş S-AWC (Super-All Wheel Control) termini ilə adlandırıblar. Əyləclərin köməyi ilə dartma qüvvəsini sağ və sol təkərlərin arasında paylayan AYC (Active Yaw Control) sistemi isə, indi təkcə ön oxda deyil, həm də arxa oxda işləyir.
Kapotun altında əvvəlki hibriddən götürülmüş 2,4-litrlik atmosfer mühərriki yerləşir. 4B12 mühərriki Atkinson qənaət dövrünə əsasən çalışır və 133 at qüvvəsi (195 Nm) hasil edir. Adi halda təkərləri yalnız elektrik mühərrikləri hərəkətə gətirir, benzin mühərriki isə generator rejimində çalışır, lakin yüksək sürətlərdə elektronika muftanı qoşaraq, benzin mühərrikini elektromotorlara yardım etməsi üçün sadə birpilləli reduktor (3,431:1 ötürmə nisbəti olan) vasitəsi ilə ön oxa qoşur.
Litium-ion batareyası əvvəlki kimi salonun döşəməsinin altında yerləşir və onun tutumu 13,8-dən 20 kilovat-saata, çalışma gərginliyi isə 300-dən 350 volta qədər artırılıb. Sırf elektrik rejimində krossover 83-87 kilometr arasında (təc hizat və çəkidən asılı olaraq) məsafə qət edir. Yanacaq çəninin həcmi də 45-dən 56 litrə qədər artırlıb.
Krossover, elektrik cihazlarını qoşmaq üçün, yapon standartına (100 volt, 1500 vatt) uyğun olan iki çıxışa malikdir. Kataklizmlərin baş verməsi halında, Outlander PHEV modelini yaşayış evinə qoşaraq, elektrik təchizatını təmin etmək olar. Dolu batareya və benzinlə tam dolu olan yanacaq çəni 12 gün avtonom işləməyə kifayət etməlidir.
Digər yeniliklər arasında “bir pedalla” hərəkət rejimi də var. Bu rejimdə sürətlənmə və yavaşlama pedala basılma səviyyəsi ilə tənzimlənir. Sükanaltı ləçəklər vasitəsi ilə rekuperasiya dərəcəsini (beş səviyyə mövcuddur) tənizmləmək mümkündür. Bundan başqa, krossover əvvəlki dörd rejimin əvəsinə yeddi hərəkət rejiminə sahib olub: Normal, Tarmac, Gravel, Snow, Mud, Power və Eco. Opsiyalar arasında zolaqda saxlama funksiyası olan Mi-Pilot adaptiv kruiz-kontrolu da var.
Sağ və sol tərəfdəki qapaqları saymasaq, PHEV versiyası adi krossoverdən vizual olaraq heç nə ilə fərqlənmir. Təchizat səviyyəsindən asılı olaraq, krossoverin klirensi 195 və ya 200 millimetr ola bilər. Salondakı bütün fərqlər virtual cihazlar panelinin qrafikası ilə məhdudlaşır. Artıq hibrid krossover üç oturacaq cərgəsi ilə də sifariş edilə bilər: arxa elektromotor daha yığcam olub və idarəetmə bloku ilə birləşərək, döşəmənin altında daha az yer tutur. Krossoverin minimal çəkisi 2.010 kiloqramdır.
Yaponiyada hibrid krossoverin satışlarına dekabr ayında başalanacaqdır. Burada Outlander PHEV modeli 41 min ABŞ dollarından başlayan qiymətlər ilə satılacaqdır. Sırf benzin mühərriki ilə çalışan versiyalar olmayacaqdır. 2022-ci ilin birinci yarısında krossoverin Avstraliya və Yeni Zelandiyaya, ikinci yarısında isə ABŞ-a ixracatı başlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.