Mutsubishi Motors şirkətinin Böyük Britaniyadakı ofisi xüsusi hazırlanmış L200 pikapını təqdim etmişdir. Barbarian SVP adını almış pikap Special Vehicle Projects (SVP) proqramının çərçivəsində hazırlanmışdır.
Yeni proqram yapon istehsalçısının mövcud modellərinin eksklyuziv variantlarının buraxılmasını nəzərdə tutur. Xüsusi pikap baza modelindən BF Goodrich yolsuzluq şinləri ilə təchiz edilmiş 17-düymlük təkər diskləri, təkər tağlarının genişləndiriciləri, yeni radiator barmaqlığı, tündləşdirilmiş işıq texnikası və bamperlərdəki qara işləmələr ilə seçilir.
Avtomobilin interyerində xüsusi tərtibatı olan yeni oturacaqlar və pikapın eksklyuzivliyini bildirən lövhəciklər quraşdırılmışdır.
Mitsubishi L200 Barbarian SVP modelinin standart təchizatına işıq və yağı. sensoru, açarsız giriş sistemi, naviqasiya, Bluetooth, biksenon fənərlər, kruiz-kontrol və arxa görüntü kamerası daxildir.
Xüsusi versiya yalnız 180 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,4-litrlik turbodizel mühərriki ilə təklif edilir. Transmissiya altı pilləli mexaniki və ya beş diapazonlu avtomatik ötürmələr qutusu ola bilər. Pikap eyni zamanda birləşdirilən tam çəkiş sistemi ilə də təchiz edilir. Cəmi 250 ədəd xüsusi seriyadan olan pikapın buraxılması nəzərdə tutulmuşdur. Onlardan yarısı göy, digər yarısı isə qara rəngə boyanacaqdır. Böyük Britaniyada L200 Barbarian SVP modeli 28479 funt-sterlinqdən başlayan qiymətlərlə satılacaqdır.
Yeni proqram çərçivəsində hazırlanmış avtomobillərin digər bazarlarda təklif ediləcəyi barədə məlumat verilməmişdir.