1962-2013-cü illərdə istehsal edilən subkompakt Colt modeli yenidən yapon istehsalçısının model xəttinə qaytarılıb: gözlənildiyi kimi, o, Renault Clio modelinin yeni iterasiyasıdır. Üstəlik, avtomobilin dizaynına edilmiş dəyişikliklər kosmetik xarakter daşıyır. Colt Türkiyədə yığılacaq və hibrid də daxil olmaqla üç güc aqreqatı ilə təklif ediləcəkdir. Hetçbek bu ilin payızında Avropada satışa çıxmalıdır.
Mitsubishi Colt hetçbekinin görünüşü, istehsalçısının transformasiya zamanı xərclərə maksimal dərəcə qənaət etmək istəyini göstərir: yapon hetçbeki Clio modelindən bamperləri və emblemləri, həmçinin Mitsubishi üslubunda kiçik X formalı elementin yerləşdiyi radiator barmaqlığı ilə seçilir. Bundan əlavə, ön tərəfdəki fərqli loqotipə baxmayaraq, Mitsubishi mütəxəssisləri Renault rombu üçün nəzərdə tutulmuş kəsiyi saxlayaraq kapota toxunmamağa qərar veriblər.
Sükan çarxındakı Mitsubishi loqotipini və yüngül şəkildə dəyişdirilmiş tərtibatı nəzərə almasaq, salon demək olar ki, toxunulmaz qalıb. Ön paneldə - yeddi və ya 10 düymlük eyni cihazlar panelini, habelə multimedia sisteminin yeddi və ya 9,3 düymlük displeyi var. Avadanlıqlar siyahısına Bose audio sistemi, dairəvi müşahidə kameraları, habelə Stop & Go funksiyası olan adaptiv kruiz-kontrol da daxil olmaqla bir sıra elektron köməkçilər daxildir.
Mühərrik çeşidi də Clio hetçbekindən götürülüb. Colt modelinin baza versiyası beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 67 at qüvvəli 1,0-litrlik üçsilindrli atmosfer mühərriklə təklif olunur. Bundan başqa, altı pilləli mexaniki transmissiya ilə çalışan 91 at qüvvəli 1,0-litrlik turbomühərrik də mövcuddur.
Ən güclü Colt modeli 145 at qüvvəsi hasil edən və avtomatik transmissiya ilə tandemdə işləyən 1,6-litrlik atmosfer mühərrikinə əsaslanan HEV hibrid aqreqatı ilə təchiz ediləcəkdir. Belə hetçbek 100 km/saata 9,3 saniyəyə sürətlənir.
Mitsubishi Colt Türkiyədə Clio modeli ilə birlikdə buraxılacaqdır. Avtomobilin qiyməti hələlik məlum deyil, lakin o, şübhəsiz ki, “donor” Renault səviyyəsində olacaqdır. Xatırladaq ki, Clio modelinin Fransadakı satış qiyməti 20,4 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.