Mitsubishi şirkəti yenilənmiş Eclipse Cross modelinin üzərindəki sirr pərdəsini götürüb. 2021-ci model ilinin krossoveri yenilənmiş eksteryerə və avadanlıq siyahısına malik olub, habelə qoşulan hibrid versiyanı əldə edib.
Yenilənmiş Mitsubishi Eclipse Cross modelinin eksteryer tərtibatı firma Dynamic Shield üslubuna uyğun olaraq dəyişdirilsə də, modelin ümumi cizgiləri qorunaraq saxlanılıb: bamperin forması yüngül şəkildə dəyişdirilib, işıq texnikası fərqli dizayna sahib olub, radiator barmaqlığı isə xromdan məhrum olub. Arxa tərəfdə beşinci qapı və bamper dəyişdirilib, işıqlar “aralanıb”, görmə qabiliyyətini yaxşılaşdıran yeni arxa şüşə quraşdırılıb.
İnteryerdə də yeniliklər vardır: ön paneldə, sürücü və ön sərnişinə daha yaxın məsafədə yerləşən şaybası olan multimedia sisteminin səkkiz düymlük sensorlu ekranı peyda olub.
Mitsubishi şirkəti yenilənmiş modelin texniki detallarını açıqlamayıb. 2021-ci model ilinin Eclipse Cross modeli 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1.5-litrlik dördsilindrli turbomühərrik ilə təchiz olunacağı məlumdur.
Hibrid qurğunun Mitsubishi Outlander krossoverindən götürülücəyi gözlənilir: qurğunun tərkibinə Atkinson dövrü ilə işləyən 2,4-litrlik MIVEC mühərriki və iki elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi gücü 224 at qüvvəsi təşkil edir. 13,8 kilovat-saatlıq batareya elektrik ötürməsi ilə 57 kilometrə qədər məsafə qət etməyə imkan verir.
Yenilənmiş Mitsubishi Eclipse Cross krossoveri cari ilin sonuna qədər Yaponiya, Avstraliya və Yeni Zelandiyada satışa çıxarılacaqdır.