Yaponlar arasında belə bir deyim var - əgər Toyota yeni modeli təqdim edibsə, onun ardınca Modellista atelyesi tərəfindən təkmilləşdirilmiş variantı gözlə. Odur ki, yapon atelyesini dünya avtomobil sənayesinin nəhənginin “saray” atelyesi hesab etmək olar. Ən azından daxili bazarda…
Ancaq belə yüksək status, atelye dizaynerlərinə hərdən əndazədən çıxmağa heç də mane olmur. Doğrudur, onların Mansory atelyesinin “şöhrətinə” çatmaqlarına hələ çox var, lakin Modellista mütəxəssislərinin Prius və Raize modelərinin başlarına açdıqları müsibət, incə zövqə malik olan insanların gözlərinin yaşarmasına səbəb olub.
Xoşbəxtlikdən, Modellista dizaynerləri Land Cruiser 300 modeli ilə bir qədər insaflı davranıblar. Çox güman ki, ya yapon tüneri brutal ofrouderi masqara obyektinə çevirməkdən çəkinib, ya da hələlik fantaziyaları çatmayıb.
Lakin fakt faktlığında qalır: bu dəfə Modellista atelyesi Land Cruiser 300 modelinin eksteryerinə minimal müdaxilə ilə kifayətlənib. Yəni, görülmüş işlər yeni bamperlərin və disklərin quraşddırlması ilə məhdudlaşıb. Bir sözlə, Prius və Raize modellərinin müsibəti təkrarlanmayıb. Hələlik…
Minimal müdaxiləyə baxmayaraq, təkmilləşdirmələr Land Cruiser 300 modelinin görünüşünə müəyyən xarakterik xüsusiyyətləri bəxş edib. Duman əleyhinə fənərlərin üfüqi qabırğaları olan dördkünc bölmələri, ön tərəfdəki alt “dodağın” diqqətçəkən forması, arxa tərəfdəki diffuzor, qara və ya parlaq (sifarişçinin seçiminə əsasən) rəngli 21-düymlük diskləri ofrouderinizi qonşununkundan fərqləndirməyə yardım edəcəkdir.
Modellista atelyesi bu tüninq dəstini Aero adlandırır, lakin dəstin brutal ofrouderin aerodinamikasına ciddi təsir göstərəcəyindən heç əmin deyilik.
Digər tərəfdən, bunun bir başlanğıc olduğunu da istisna etmək olmaz. Bir müddət sonra, Modellista əvvəlki ofrouderlərdə olduğu kimi, Land Cruiser 300 üçün daha ciddi apqreydi hazırlaya bilər. Məsələn, əvvəllər tüner müştərilərinə salonu da təkmilləşdirməyi təklif edirdi. Hər halda gözləməkdə fayda var.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.