Dördüncü nəsil Lexus LX ofrouderi bu ilin oktyabr ayında yeni, lakin tanınann dizaynı ilə debüt edib. Bu günlərdə Lexus markası Jaos tüninq atelyesi ilə birlikdə yolsuzluq üçün nəzərdə tutulmuş, üç kilidlənən differensialı, təkər tağlarının genişləndiriciləri, palçıqlıqları, altlığın müdafiə lövhələri və 20-düymlük qızılı rəngli Enkei diskləri olan xüsusi Offroad versiyasını təqdim etmişdi. İndi isə, məşhur Modellista atelyesinin təklifi ortaya çıxıb.
Modellista mütəxəssislərinin hazırladığı tüninq proqramı ofrouderi idman görünüşü ilə təmin etmək üçün nəzərdə tutulub. Bütün dəyişikliklər əsasən ön və arxa tərəfdə cəmləniblər. Eyni zamanda, ofrouderi paslanmayan poladdan hazırlanmış iri kandarlar və mürəkkəb dizaynı olan orijinal 22-düymlük təkər diskləri ilə təchiz ediblər.
Güc qurğusuna müdaxilə barədə məlumat verilməyib. Xatırladaq ki, Lexus LX modeli 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 turbomühərriki ilə təchiz olunur. Bundan başqa, 300 at qüvvəsi və 700 Nm fırlanma anına malik olan 3,3-litrlik turbodizel də mövcuddur. Hər iki mühərrik 10-pilləli avtomatik transmissiya ilə təchiz edilir.
Qeyd etmək lazımdır ki, Lexus LX modelinin texniki əkizi olan Toyota Land Cuiser 300 ofrouderi də təqdimatından bir qədər sonra Modellista mütəxəssisləri tərəfindən hazırlanmış təkmilləşdirmələr dəstini əldə etmişdi.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.