Avqust ayında Monterey şəhərində baş tutacaq hərracda, 2015-ci ildə istehsal edilmiş qara tutqun rəngli Porsche 918 Spyder hiperkarı satışa çıxarılacaqdır. Bu rodsterin əsas xüsusiyyətlərindən biri, onun Amerika Birləşmiş Ştatlarında mövcud olan 918 Spyder avtomobilləri arasında standart rəngə boyanmayan yeganə hiperkar olmasıdır. Avtomobilin kuzovu demək olar ki, tamamilə tutqun qara rəngə boyanmışdır ki, boyanmayan yalnız onun karbondan hazırlanmış damı və arxa antiqanadı qalmışdır.
Təkcə bunun sayəsində iki kiloqram çəkiyə qənaət etmək mümkün olmuşdur. Görünən odur ki, avtomobilin sahibi onu maksimal dərəcədə yüngül etmək üçün bütün vasitələrdən istifadə etmişdir. Buna misal olaraq, dəyəri 84 min ABŞ dolları olan “Weissach” dəstini göstərmək olar. Bu dəstin tərkibinə daxil olan maqneziumdan hazırlanmış təkər disklərinin, şassinin titandan olan boltlarının və yüngülləşdirilmiş əyləc mexanizmlərinin sayəsində 41 kiloqram çəkiyə qənaət edilmişdir.
Porsche 918 Spyder superkarı 4,6-litrlik səkkiz silindirli mühərrik və iki elektromotorla hərəkətə gəlir. Hibrid güc qurğusu 887 at qüvvəsinə və 1280 Nm fırlanma anına malikdir.
“Weissach” dəsti ilə təchiz edilmiş Porsche 918 Spyder modeli 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir. Yerindən 300 km/saat sürətinə çatmaq üçün rodsterə 19,9 saniyə tələb olunur. Avtomobilin maksimal sürəti 350 km/saat həddində məhdudlaşdırılmışdır.

Satışa çıxarılacaq bu unikal avtomobilin yürüyüşü 3150 kilometr təşkil edir ki, bu da hiperkarin prkatiki olaraq yeni qaldığından xəbər verir. Bundan başqa, bu avtomobil 918 ədəd buraxılmış avtomobillərdən 381-ci olanıdır. Hiperkarın qiymətləndirmə dəyəri səsləndirilməsə də, alın şüşəsində olan orijinal stikerin üzərində “931 975 dollar” yazılmışdır.