Üçtəkərli 3-Wheeler və klassik dizaynlı avtomobillərin istehsalçısı olan Morgan şirkəti Aero 8 modelinin xüsusi vida seriyasının hazırlanması barədə məlumat yayıb. Morgan Aero GT adlandırılan xüsusi seriya səkkiz nüsxədən ibarət məhdud sayda tirajla buraxılıb.
Vida modelinin kütləvi nümayişi gələn il keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır. Xüsusi seriyadan olan avtomobilin zahiri görkəmi Morgan Aero GT3 yarış avtomobilinin dizayn üslubunda yaradılıb. Kupenin bütün panelləri əl ilə hazırlanır. Avtomobilin aerodinamik kuzov dəsti alın müqavimətini azaltmaqla yanaşı, yerəbasma gücünü artırmağa xidmət edir. Xüsusi seriyadan olan avtomobillər BMW şirkətinin istehjsalı olan 372 at qüvvəli V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.
Aero GT modeli yerindən 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 272 km/saat təşkil edir.
Artıq qeyd etdiyimiz kimi, Morgan avtomobilləri BMW mühərrikləri ilə təchiz edilir. Lakin, alman istehsalçısı artıq yeni nəsil V8 mühərriklərinin istehsalına başlayıb və köhnə mühərriklərin istehsalının dayandırıb. Xüsusi seriyadan olan avtomobillərin sahibi şirkətin müştəriləri olub. Hər bir avtomobil sahibinin istək və arzularına uyğun hazırlanıb.