Böyük Britaniyanın Morgan şirkəti öz mühafizəkarlığı ilə məşhurdur. Bununla belə, bu gün ingilis markası pərəstişkarlarını şoka salmağı bacarıb: klassik dizayna malik olan rodsterlər xəttinə Plus Four modelinin CX-T indeksini almış yolsuzluq versiyası qoşulub.

Özünün yeni tarixində Morgan şirkət belə avtomobillər istehsal etməyib, ancaq yüz il bundan əvvəl Morgan avtomobilləri ofroud yarışlarında iştirak ediblər – görünən odur ki, ingilislər model çeşidini genişləndirməklə yanaşı, həm də zəngin irslərinin olduğunu xatırlatmaq istəyirlər.

Morgan CX-T modelinin yaradılmasında Dakar ralli-reydi üçün yarış avtomobilləri istehsal edən Rally Raid UK şirkətinə müraciət ediblər. Morgan Plus Six modelindən götürülmüş köndələn qolların, yeni amortizatorların və yayların quraşdırılması sayəsində mühəndislər rodsterin təkər izini genişləndirə və klirensini 120-dən 230 millimetrə qədər artırmağa müvəffəq olublar.

Yolsuzluqda rahatlığı təmin etmək üçün, elektron kilidlənməyə və üç rejimə (Road, All-Terrain və All-Terrain Extreme) malik olan BMW xDrive differensialı quraşdırılıb. Bundan başqa, baş ötürmədə ötürmə nisbəti artırılmışdır. Ötürmə əvvəlki kimi, yalnız arxa oxdadır.  CX-T modeli Plus Four rodsterlərinin təchiz olunduğu 258 at qüvvəli BMW B48 mühərriki ilə hərəkətə gəlir.

Avtomobilin kuzovunu da təkmilləşdirmək gərək olub: yolsuzluq şinləri taxılmış yeni təkər disklərinin quraşdırılması təkər tağlarının dəyişdirilməsi tələb edib, baqajın yerində isə, iki ehtiyat təkəri, iki davamlı su keçirməyən çamadanlar, alətlər qutusu, su və benzin üçün kanistrlər yerləşdirilən açıq bölmə peyda olub.

Çıxış bucağını artırmaq, sürücünü və sərnişini qorumaq üçün buraxılış sisteminin borusu arxa sol qanada köçürülüb. Orijinal kompozit dam ilə yanaşı, əlavə fənərlərin quraşdırıldığı yuvarlaq borulardan qəfəs də hazırlanıb . Avtomobilin altlığını bir neçə metal təbəqə ilə örtüblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, yolsuzluq üçün nəzərdə tutulmuş Morgan daha ağır olub. Plus Four CX-T modelinin çəkisi təxminən 1300 kiloqrama çatır. Xatırladaq ki, orijinal versiyanın çəkisi bir tondan çox deyil. Səkkiz nüsxəlik tirajla buraxılacaq yolsuzluq rodsterinin qiyməti 170 min funt sterlinqdən başlayır.

Yeri gəlmişkən, beş avtomobil artıq daimi müştərilər üçün ayrılıb və çox güman ki, qalan üç avtomobil yaxın günlərdə öz sahiblərini tapacaqlar. Plana görə, qeyri-adi Morgan avtomobillərinin inşası ilin sonuna qədər başa çatmalıdır. Bununla belə, Britaniya istehsalçı avtomobilin tirajının artırılacağını da istisna etmir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.