Mühafizəkar ingilis istehsalçısı olan Morgan şirkəti əvvəllər heç vaxt dizayn studiyalarına müraciət etməyib, lakin bu dəfə istehsalçı İtaliyanın Pininfarina atelyesini kiçik seriya ilə buraxılacaq zərif avtomobili yaratmağa dəvət edib. Morgan Midsummer barkettası Morgan Plus Six seriya rodsterinin şassisinə əsaslanır və 50 nüsxəlik tirajla buraxılacaq.
Tamamilə orijinal kuzov panelləri alüminiumdandır və onların forma alması üçün 250 saatdan çox vaxt sərf edən Pininfarina mütəxəssisləri tərəfindən əl ilə hazırlanır. Tamölçülü ön şüşənin əvəzinə qısaldılmış küləyə qarşı şüşələr quraşdırılıb, dam örtüyü isə, ümumiyyətlə nəzərdə tutulmayıb. Digər xüsusiyyətlər arasında bolluca xrom və “bağlı” dizaynlı unikal 19 düymlük təkər diskləri var. Disklərə Michelin Pilot Sport 5 şinləri taxılıb ki, bu da hər təkərdə 3 kiloqram çəkiyə qənaət etməyə imkan verib.
İnteryerin yaradılmasında da əl əməyidən fəal şəkildə istifadə edilib. Məsələn, ön panel hər təbəqəsinin qalınlığı 0,6 millimetrdən çox olmayan 126-qatlı, qapı panelləri isə, 120 qatlı tik ağacından hazırlanıblar. Bu, monolit ağacla müqayisədə interyeri həm daha eksklüziv, həm də daha davamlı etməyə imkan verib. Həmçinin tərtibatda əsl dəridən istifadə edilir, cihazlar və fitinqlər isə, barketta üçün xüsusi olaraq yaradılıb.
Donor Morgan Plus Six rodsteri sıralı altısilindrli BMW B58 turbomühərriki (340 at qüvvəsi, 500 Nm) və ZF şirkətinin səkkiz pilləli avtomatik transmissiyası ilə təchiz edilir - sonuncunun kilidlənməyən coystiqi Morgan Midsummer modelinin interyerində də görünür. Heç bir texniki təkmilləşdirmələr elan edilməyib. Baza Plus Six modeli 100 km/saata sürətlənməyə cəmi 4,2 saniyə sərf edir, maksimal sürəti isə, 267 km/saatdır. Düzdür, barketta rodsterdən daha yüngüldür: 1075-ə qarşı düz 1000 kiloqram, lakin bu çətin ki, dinamik xüsusiyyətlərə böyük təsir göstərə bilsin.
Morgan Midsummer barkettasının ictimai debütü Qudvudda keçiriləcək Sürət Festivalında baş tutacaq. 50 nüsxədə buraxılacaq barkettanın bütün tirajı artıq sifariş olunub. Əmtəə avtomobillərinin istehsalına cari ilin üçüncü rübündə başlanacaq və gələn ilə qədər davam edəcək. Qiymət açıqlanmayıb, lakin ingilis mətbuatı Midsummer barkettasının qiymətinin 152-190 min dollar arasında olduğunu bildirir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.