BMW dünyanın ən güclü Hyper Naked motosikleti adlandırdığı M 1000 RS modelini təqdim edib. M 1000 RR superbaykından götürülmüş mühərrik, karbon komponentlər və cəmi 196 kiloqramlıq kütlə ilə seçilən yeni motosiklet 1000 nüsxəlik məhdud seriyada buraxılacaq.

999 kubsantimetrlik, maye ilə soyudulan dördsilindrli mühərrik 14 500 dövr/dəqiqədə 218 at gücü, 11 000 dövr/dəqiqədə isə 113 Nm fırlanma anı hasil edir. ShiftCam sistemi mühərrikin iş rejimindən asılı olaraq giriş klapanlarının açılma fazalarını dəyişir və müxtəlif dövrlərdə daha səmərəli işləməsini təmin edir. BMW 0–100 km/saat sürətlənmənin 3,2 saniyə, maksimal sürətin isə 283 km/saat olduğunu bildirir.

Motosiklet M 1000 R modelinin M Competition paketi əsasında hazırlanıb, lakin M 1000 RR mühərriki ilə təchiz edilib. Sürücü daha irəli yönəlmiş idman oturuşunda əyləşir: M 1000 RR-dən götürülmüş ayaq dayaqları və 20 millimetr yüksəldilmiş oturacaq buna imkan verir. Oturacağın hündürlüyü 850 millimetrdir.

Standart təchizata karbondan təkər diskləri, tamamilə titandan hazırlanmış buraxılış sistemi və elektron idarə olunan DDC amortizatorlar sistemi daxildir. Ön tərəfdə 320 millimetrlik iki əyləc diski və radial dördporşenli supportlar quraşdırılıb. ABS Pro, dartma nəzarəti, Pro sürüş rejimləri və pillə dəyişdirmə köməkçisi də standart avadanlığa daxildir. Qızdırılan tutacaqlar və kruiz-kontrol isə gündəlik istifadə üçün saxlanılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M 1000 RS mat karbon detalları, fırçalanmış alüminium yanacaq çəni, karbon qanadcıqlar və RS loqotipləri ilə fərqlənir. Modelin satışları 2027-ci ilin martında başlayacaq. Almaniyada qiyməti 40 000 avro təşkil edir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.