30 il əvvəl, 1994-cü il mayın 1-də Ayrton Senna San Marino Qran Prisində həlak olub - braziliyalı Formula 1 pilotu yarış zamanı onun ölümü ilə nəticələnən qəzaya düşmüşdü. 2024-cü ildə Enzo və Dino Ferrari trekində Emilia-Romagna Qran Prisi çərçivəsində məşhur pilotun şərəfinə anım tədbirləri keçirilib və Ducati burada yeni motosikletinin təqdimatını keçirməyə qərar verib. İtalyan istehsalçısı üçqat dünya çempionunun xatirəsinə həsr edilmiş Monster Senna modelini nümayiş etdirib.
Ducati və Senna çox uzun müddət əməkdaşlıq ediblər. 1990-cı ildə, o zaman motosiklet istehsalçısının sahibi olan Klaudio Kastilioni pilota 851 SP hədiyyə etmişdi, Senna isə, Monster 900 modelinin ilk sahiblərindən biri olmuşdu. Braziliyalı ondan 1993-cü ildə, Monako Qran Prisinin qala tədbirinə getmək üçün istifadə etmişdi. Braziliyalı pilot və italyan şirkəti Ducati 916 Senna modelini yaratmaq üçün səylərini birləşdirmiş və həmin motosikl Sennanın ölümündən bir neçə ay əvvəl nümayiş etdirilmişdi.
Bu günlərdə yeni Ducati Monster Senna modeli debüt edib. Motosikl əfsanəvi pilotun dəbilqəsindən ilhamlanaraq yaradılmış parlaq rəng sxeminə malikdir - livreya Braziliyanın dövlət bayrağını xatırladan sarı, yaşıl və mavi rənglərin birləşməsinə malikdir. Monster karbon lifindən səsboğucular, alüminiumdan ayaq dayaqları və xüsusi döymə alüminium diskləri, litium-ion batareyası və karbondan qanadlar ilə təchiz edilib. Nəticədə, baykın çəkisi standart modeldən 4,5 kiloqram azdır.
Xüsusi rənglənmə sxemi ilə yanaşı, bayk təkər diklərindəki parlaq vurğular, mavi oturacaq, seriya nömrəsi olan unikal lövhəcik və 4,3 düymlük rəqəmsal cihazlar panelinin xüsusi başlanğıc animasiyası ilə fərqlənir. Əlbəttə ki, motosikletdə çoxlu Ayrton Senna loqotipləri mövcuddur.
Ducati Monster Senna standart, 110 at qüvvəli iki silindrli Testastretta mühərriki ilə hərəkətə gəlir. Baykın təchizatına tam tənzimlənən Ohlins asqısı və sarı supportlu Brembo əyləcləri daxildir. Baykın tirajı Sennanın üç dünya çempionu titulu və 41 qələbəsinin şərəfinə 341 nüsxə ilə məhdudlaşacaq. Baykın qiyməti 25.000 dollardan başlayır və bütün alıcılar orijinallıq sertifikatını və motosiklet üçün örtüyü alacaqlar.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.