Bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtomobil sərgisinə Volkswagen T6 modelinin təkmilləşdirilmiş variantını təkcə ABT Sportsline GmbH gətirəcəyini düşünürsünüz isə, çox yanılmış olarsınız. Çünki, bu məşhur miniveni tüninq edənlər kifayət gədər olacaqdır. Buna misal olaraq, bir neçə gün bundan əvvəl xəbərini yaydığımız Vetştettendən olan MTM GmbH tüninq atelyesini göstərmək olar. Bu atelye də, Cenevrədə, Volkswagen T6 modelinin bazasında hazırladığı maraqlı layihəni nümayiş etdirmək fikrindədir.
«T6 E-Motion» adlandırılmış layihənin maraqlı tərəfi, tanınmış minivenin arxa oxunda yerləşdirilmiş və hər birinin 15 kilovat gücü olan iki elektrik mühərrikidir. Ümumi gücü 42 at qüvvəsi olan elektrik mühərrikləri minivenin top variantı sayılan və 204 at qüvvəli 2,0 BiTDİ dizel mühərriki ilə təchiz edilmiş variantına quraşdırılmışdır.
MTM mütəxəssisləri dizel aqreqatın üzərində çalışaraq onun gücünü 240 at qüvvəsinə kimi artırmışlar. Bu mühərrikin fırlanma anı S-Tronic sürətlər qutusu vasitəsi ilə qabaq oxa ötürülür.
Beləliklə, elektromotorları da nəzərə alsaq, miniven ümumi gücü 282 at qüvvəsi və inanılmaz 1110 Nm fırlanma anına malik olan mühərriklər ilə təchiz edilmişdir. Bu güc sayəsində Volkswagen Transporter yerindən 100 km/saat həddinə 8,2 saniyəyə sürətlənmək imkanı əldə etmişdir.
MTM atelyesi T6 modelinin əyləc sistemini 6 silindirli əyləc mexanizmləri olan Brembo firmasının istehsal etdiyi əyləclərlə əvəz etmişdir.
Bundan əlavə, Transporter Michelin şinləri geyindirilmiş 20-düymük Bimoto diskləri ilə də təchiz edilir. MTM şirkəti avtomobilin qiyməti də daxil olmaqla, «T6 E-Motion» modeli üçün 51920 avro tələb edir.