Motoren Technik Mayer tüninq atelyesinin amerikan ofisi yeni Audi RS6 Avant, RS7 Sportback və RS Q8 modelləri üçün xüsusi tüninq dəstini hazırlayıb. “Bərkgedən” modellərin təchiz olunduğu 4.0-litrlik V8 turbomühərrikinin hasilatını 1001 at qüvvəsi və 1250 Nm fırlanma anına qədər artırmaq təklif edilir. Dəstin qiyməti kifayət qədər bahadır: belə dəst 44 min dollara başa gələcəkdir.
Alman Motoren Technik Mayer (MTM) atelyesi yarım ildən çoxdur ki, "bərkgedən" Audi modellərinin məhsuldarlığının artırılması üzərində işləyir - fevral ayında tüner mühərrikin hasilatını 787 at qüvvəsi və 1030 Nm-ə qədər artırmağa müvəffəq olub. Tüner görülmüş işlərə iki illik zəmanət də verib. İndi isə, daha üç tüninq dəsti sertifikatlaşdırılıb.
Birinci dəst mühərrikin elektron idarəetmə vahidinin yenidən proqramlaşdırılması və yanacaq sisteminin tənzimlənməsi ilə məhdudlaşır. Növbəti dəstlər isə, giriş və çıxış sistemlərinin, həmçinin turbokompressorların dəyişdirilməsini nəzərdə tutur.
Dəstlərin qiyməti kifayət qədər yüksəkdir: mühərrikin hasilatının 787 at qüvvəsi və 1030 Nm fırlanma anına artırılmasını nəzərdə tutan Stage I dəsti 11 min dollara, Stage II (810 at qüvvəsi və 1060 Nm), - 15,8 min dollara, Stage III (963 at qüvvəsi və 1250 Nm) - 30 min dollara, və nəhayət, 1001 at qüvvəsinə və 1250 Nm fırlanma anına qədər artırılması isə 44 min dollara başa gələcəkdir.
1001 at qüvvəsinə malik olan Audi RS6 Avant və RS7 Sportback modelləri 100 km/saat həddinə 2,8 saniyəyə, 200 km/saat həddinə isə, 8,2 saniyəyə sürətlənirlər. Bu, 600 at qüvvəli standart versiyada olduğundan müvafiq olaraq 0,6 saniyə və 3,8 saniyə daha yeyindir.
MTM tərəfindən hazırlanan modellər zahiri cəhətdən adi RS modellərindən fərqlənməyə də bilərlər. Bununla belə, tüner avtomobil sahiblərinə 2.3 min dollarlıq karbon diffüzoru, 9.2 min dollarlıq Akrapovic firmasının titandan hazırlanmış səsboğucu sistemini və ya asqının hündürlüyünü 35 millimetrə qədər azaldan min dollarlıq tənzimlənən MTM yaylarını təklif edir.