Bildiyimiz kimi, Bentley model xəttində seriya avtomobillərinin məhdud saylı versiyaları mövcuddur. İndi isə onlara Britaniya markasının məhdud sayda buraxılacaq firma aksessuarları əlavə edilib. Britaniya markası The Surgeon ( ingiliscədən tərcümədə “Cərrah”) kimi tanınan fərdi ayaqqabıların yaradıcısı Dominik Çambrone ilə birlikdə Bentley x The Surgeon adidas Forum Low idman ayaqqabıları kolleksiyasını təqdim edib.
Bu ayaqqabıları yalnız Mulliner atelyesinin müştəriləri əldə edə bilərlər. Bundan başqa, Mayamidə keçiriləcək Art Basel Miami müasir incəsənət sərgisində eksklüziv Bentley x The Surgeon avtomobili təqdim olunacaqdır.
Kolleksiya üzərində işləyən Çambrone, Mulliner bölməsi tərəfindən Bentley avtomobillərində istifadə edilən materialların, tərtibat variantlarının və eksklüziv elementlərin çeşidi ilə tanış olmaq üçün Bentley şirkətinin Kryudakı mənzil-qərargahına baş çəkib. Brendin modellərinə xas olan bəzi dizayn elementləri idman ayaqqabılarında da öz əksini tapıblar.
Əl işi olan məhdud sayda buraxılacaq idman ayaqqabılarının hər bir cütü unikal elementləri alıblar. Bu elementlərin arasında Bentley markasına xas olan rombşəkilli tikişlər, sükan çarxındakı çarpaz tikişlər və Bentley interyerində istifadə olunan yüksək keyfiyyətli dəri var. Bu elementlər “Cərrahın” kəllə və skalpel monoqramından ibarət olan firma emblemi ilə birləşdirilib.
İdman ayaqqabılarının bir hissəsi artıq buraxılmış Mulliner avtomobillərinə həsr olunub, qara və tünd boz rəngli idman ayaqqabısı isə, Mayamidə təqdimatı gözlənilən eksklüziv modelə həsr olunub. Bentley x The Surgeon adidas Forum Low ayaqqabılarının tirajı 10 cütlə məhdudlaşacaqdır.
Debütü gözlənilən Bentley x The Surgeon modelinin sahibinə isə, onun avtomobilinin üslubunda görünüşə malik olan eksklüziv idman ayaqqabısı hədiyyə ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.