Seat şirkətinə məxsus olan Cupra markası Münhendə keçirilən avtosalona qeyri-adi konsept avtomobilini gətirəcək. Üçqapılı Cupra UrbanRebel prototipi 2025-ci ildə satışa çıxarılacaq gələcək şəhər elektromobilinin müjdəçisidir. Plana görə, Seat şirkətinin İspaniyadakı zavodunda, Volkswagen konserninə məxsus olan fərqli markalar altında ildə 500 min belə elektrokar istehsal ediləcəkdir.
Böyük ehtimalla, söhbət Seat Ibiza, Volkswagen Polo və Skoda Fabia modellərinin elektrik analoqundan gedir. Ən azından ölçüləri müqayisə etmək olar: yeni konseptin uzunluğu 4080 millimetr, eni - 1795 millimetr, hündürlüyü isə 1444 millimetrdir. Yeni elektromobilin Avropada hətta yuxarıda adlarını çəkdiyimiz avtomobillərdən bəzilərini tamamilə əvəz edəcəyi də istisna olunmur.
UrbanRebel yaradarkən dizaynerlər iki il əvvəl Cupra Tavascan konseptində irəli sürülmüş fikri inkişaf etdirməyə çalışıblar: yeni avtomobildə düz burun, çəp fənərlər və sanballı yan divarlar özünü aydın büruzə verir. İri antiqanadı və böyük diffuzoru olan aqressiv kuzov dəsti diqqətəlayiq gücə işarə edir.
Prototipin əsasını MEB modul platformasının qısaldılmış versiyasına təşkil edir. Elektrik mühərrikinin nominal gücü 340 at qüvvəsidir, pik həddində isə hasilat 435 at qüvvəsinə qədər yüksələ bilər. Elektrik hetçbekinin 100 km/saata sürətlənməsinə cəmi 3.2 saniyə lazımdır. Bununla birlikdə, bütün bu xüsusiyyətlər ciddiyə alınmamalıdır, çünki seriya elektromobili daha “sakit” olacaqdır. Eyni zamanda, elektrokarın elan edilmiş debüt tarixinə qədər çox şey dəyişə bilər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.