Alman “Handelsblatt” nəşri Mercedes-Benz şirkətinin total elektrikləşdirmə strategiyasından imtina etməsinin səbəbini tapıb. Alman istehsalçısı 2026-cı ilə qədər daxili yanma mühərriklərinə çəkilən xərcləri 5 dəfə azaltmaq planlaşdırırdı, lakin ən vacib bazarlardakı satış strukturu Mercedes-Benz şirkətini öz planlarını yenidən nəzərdən keçirməyi məcbur edib. Artıq Mercedes-Benz benzin aqreqatlarına və onlara əsaslanan hibridlərə sərmayə qoymağa davam edəcək, baxmayaraq ki, uzunmüddətli hədəflər dəyişməyib.
Mercedes-Benz şirkətinin baş direktoru Ola Kallenius daxili yanma mühərriklərinə "daha çox" pul xərcləyəcəklərini təsdiqləyib və V223 seriyasından olan S-Class üçün yeniləmə proqramına yenidən baxmalı olduqlarını etiraf edib. Məsələ ondadır ki, ən mühüm Çin bazarında yeni S-Class sedanı EQS elektromobilindən 50 dəfə yaxşı satılır!
Mercedes-Benz brendinin zəngin müştəriləri daxili yanma mühərrikini status simvolu hesab edirlər və avtomobil nəhəngi bunu nəzərə almaq məcburiyyətindədir. Böyük GLS krossoveri də son restaylinqdən sonra satışlarda artım nümayiş etdirib, eyni zamanda, EQS SUV krossoverinə tələbat arzuolunandan çox uzaqdır. Maraqlıdır ki, Mercedes-Benz şirkətinin bu faktı inkar etməsinə baxmayaraq, “Handelsblatt” nəşri flaqman elektromobilləri üçün nəzərdə tutulmuş MB.EA-Large platformasının inkişafının dayandırıldığında israrlıdır.
2027-ci ildə benzin xəttindən olan Mercedes-Benz avtomobillərinin əsaslı yenilənməsi planlaşdırılır və avtomobil istehsalçısının yeni strategiyası mahiyyət etibarı ilə ona istənilən avtomobili satmağa imkan verir, çünki elektromobilləri yalnız “bazar şəraitinin imkan verdiyi” ölkələrdə satmaq qərara alınıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.