Bu yaxınlarda alman jurnalistlər Nürburqrinq yaxınlıqlarındakı adi avtomobil dayanacaqlarının birində nadir superkarlardan biri olan Porsche 911 R modelini aşkar etmişdirlər. Sən demə, qiyməti 190 min avro olan nadir avtomobil üçün bu ən «təhlükəsiz» dayanacaq elə bu imiş. Çox güman ki, avtomobilin sahibi onu Nürburqrinq trekində idarə edərək həzz almağı üstün tutur. Bildiyimiz kimi, Porsche 911 R modelinin rəsmi təqdimat mərasimi bu il keçirilmiş Cenevrə beynəlxalq avtomobil sərgisində baş tutmuşdu. Bu modifikasiya 1967-ci ildə istehsal edilmiş eyni adlı yarış avtomobilinin 50 illik yubileyinə həsr edilmişdir.
Porsche 911 R modelini ekstremal sportkarlardan sayılan Porsche 911 GT3 RS kupesinin bazasında hazırlamışlar. Sportkarın karbondan düzəldilmiş kapot və qanadları, həmçinin maqneziumdan hazırlanmış damı vardır. Bundan əlavə, mühəndislər arxa oturacaqlardan, klimat-kontroldan və audiosistemdən tamamilə imtina etmişdirlər. Bu sistemləri hətta əlavə ödənişlə belə əldə etmək mümkün deyil. 911 R modelinin çəkisi 1370 kiloqram təşkil edir ki, bu da 911 GT3 RS modelinin çəkisindən 50 kiloqram azdır.
Avtomobil GT3 RS modelindən alınmış 500 at qüvvəsi və 460 Nm fırlanma anı olan 4,0-litrlik altı silindirli oppozit mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Opsional olaraq, tək kütləli nazim çarxı da təklif edilir. Porsche 911 R modeli yerindən 100 km/saat həddinə kimi 3,8 saniyəyə sürətlənir və 323 km/saat maksimal sürətə malikdir. Kupe çıxarılan spoyler, yeni avtomobil üçün xüsusi olaraq hazırlanmış arxa diffuzor və titandan düzəldilmiş işlənmiş qazların buraxılış sistemi ilə təchiz edilir.