Bu günlərdə YouTube kanalında maraqlı bir videoçarx yayımlanıb. Nadir tapılan Dodge Charger 500 modelinin sahibi avtomobili yerli metal emalı zavoduna gətirərək onu məhv edib.

1970-ci ilin istehsalı olan Charger klassik masl-karlar sevənlər arasında kolleksiya avtomobili sayılsa da,  Daniel Qaliardinin satdığı avtomobil ciddi bərpa işlərinin aparılmasını tələb edirdi. 50 illik avtomobil ciddi şəkildə çürümüş, onun kuzovunun rəng örtüyündən demək olar ki əsər-əlamət qalmamışdı.

Avtomobilin bərbad vəziyyətdə olmasına baxmayaraq, Qaliardi Charger 500 kupesinin satışından 10 min dollar əldə etmək istəyirmiş. Məlum məsələdir ki, köhnə çürümüş avtomobilə bu qiymətə alıcı tapmaq real deyil və kupeni satın almaq istəyənlər onun qiymətini “öldürməyə” çalışıblar.

Bundan qəzəblənən Daniel radikal addım atıb – o,  avtomobili metal emalı zavoduna apararaq məhv edib. Qaliardi, bu yolla  onunla bazarlıq edənlər dərs vermək istədiyini bildirib. Üstəlik, o hərəkətindən peşman olmadığını və vəziyyət təkrarlanarsa yenidən belə addım atacağını söyləyib.