Vankuverdə fəaliyyət göstərən Grand Touring Automobiles firması, dünyanın ən bahalı Lamborghini superkarlarından birini - şirkətin banisi Ferruçço Lamborgininin 100-illik yubileyi şərəfinə buraxılmış Centenario Roadster modelini satışa çıxarıb. Yubiley modelinin ümumi tirajı cəmi 20 nüsxədən ibarət olub və bu avtomobillər yalnız italyan markanın seçilmiş müştərilərinə satıliblar. Hazırda, superkar üçün 3,7 milyon Kanada dolları (4,7 milyon manat) istəyirlər.
Centenario superkarı italyan markasının tam idarəetməli şassisi olan ilk avtomobilidir. Beləliklə, kiçik sürətlərdə avtomobilin arxa təkərləri ön təkərlərin əksi istiqamətində kiçik bucaqla dönürlər. Yüksək sürətlərdə isə, təkərlər eyni istiqamətdə dönürlər. Birinci halda bazanın virtual qısalmasına gətirib çıxarır ki, bu da manevr qabiliyyətini və dönmə bucağını yaxşılaçdırmağa xidmət göstərir.
Lamborghini Centenario LP770-4 italyan şirkətinin bu günə qədər istehsal etdiyi ən güclü mühərriklə hərəkətə gəlir. Superkarın 12 silindirli 6.5-litrlik V-şəkilli mühərriki 770 at qüvvəsinə malikdir. Beləliklə, superkar yerindən 100 km/saata kimi 2,8 saniyəyə, 300 km/saat həddinə kimi isə 23,9 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 350 km/saatdan yuxarıdır.
100 km/saat həddindən tam dayanmaq üçün avtomobilə 30 metr, 300 km/saat həddindən isə 290 metr məsafə tələb olunur. Superkar karbon monokokunun əsasında yığılmışdır. Avtomobilin kuzov panelləri də karbondan istifadə edilməklə hazırlanmışdır. Sportkarın çəkisi 1520 kiloqram təşkil edir ki, bu da çəkinin gücə nisbətində bir at qüvvəsinə 1,97 kiloqram düşür.
Lamborghini Centenario LP770-4 üçün həm passiv (fənərlərin yanındakı, təkər tağlarındakı və yan tərəfdəki girişlər hava kütləsinin radiatorlara ötürülməsini optimallaşdırır), həm də aktiv kuzov elementləri işlənib hazırlanmışdır. Misal üçün, arxa antiqanad 150 millimetr hündürlüyə yüksələ və yaxud hərəkət rejimindən aslı olaraq bucağını 15 dərəcəyə kimi dəyişə bilər.
Cəmi 40 ədəd Lamborghini Centenario LP770-4 istehsal edilmişdir. Buraxılmış avtomobillərin 20 nüsxəsi kupe, 20 nüsxəsi isə rodster kuzovuna malikdirlər. Avtomobilin satış qiyməti, vergilər daxil olmadan 1,75 milyon avro təşkil edirdi.