Chevrolet şirkəti, Detroytda baş tutacaq Şimali Amerika beynəlxalq avtomobil şərgisinin başlanılmasına bir neçə gün qalmış, Cruze modelinin hetçbek variantının üzərindəki sirr pərdəsini qaldırmıdır. Avtomobil haqqında geniş məlumat verilməsə də, onun texniki cəhətdən sedan variantından seçilmədiyi bildirilmişdir. Hetçbekin təkərlərarası bazasının üzunluğu, sedan modelində olduğu kimi, 2700 millimetr təşkil edir. Avtomobilin dizaynına gəldikdə isə, hetçbek ilə sedan arasındakı fərq damın quruluşunda və arxa hissəsin dizaynındadır.
Hetçbek kuzovlu Cruze’un arxa hissəsi özünün orijinal dizaynı ilə seçilir. Diqqət yetirsəniz, avtomobilin arxa işıq fənərlərinin və arxa bamperin dizaynının sedandan fərqləndiyini açıq-aydın görmək olar.
Əlbəttə ki, hetçbekin baqaj bölümünün qapağı da öz quruluşu ilə seçilir. Digər diqqət çəkən məqam isə baqaj qapağının yuxarı hissəsində quraşdırılmış iri spoylerdir.
Chevrolet şirkətinin mətbuat xidməti avtomobilin baqajının yük tutumunun 524 litr olduğunu bildirir. Lakin, arxa oturacaqlar qatlanan zaman, baqaj bölümünün həcmini 1189 litrə qədər artırmaq mümkündür. Bundan əlavə, onlar yeni avtomobilin sələfindən 91 kiloqram yüngül olduğunu da vurğulayırlar.
Chevrolet Chuze Hatch 153 at qüvvəsi və 240 Nm fırlanma anı olan 1,4-litrlik turbomühərriklə təchiz edilir. Güc aqreqatını altı pilləli mexaniki və ya altı diapazonlu avtomat sürətlər qutusu ilə komplektləşdirmək mümkündür. Amerikalılar 2017-ci ildə Cruze modelini dizel mühərriki ilə də təklif etmək fikrindədirlər. Chevrolet Cruze 0-dan 100 km/saat sürətini səkkiz saniyəyə toplayır.
Hetçbek, sedan variantında olduğu kimi, McPherson tipli ön asqı və Z-formalı qolları olan torsion tipli arxa tir ilə təchiz edilir.
Avtomobilin avadanlıqlarının siyahısına Google’un Android Auto və Apple’ın CarPlay əlavələrini dəstəkləyən MyLink sistemi, OnStar peyk sistemi və 4G LTE standartını dəstəkləyən Wi-Fi daxilolma nöqtəsi daxildir. Alıcılara həmçinin, yeddi və səkkiz düymlük sensor displeyini də seçmək imkanı verilir.