Bir müddət əvvəl Lexus şirkəti Detroyt avtomobil sərgisi üçün «misli görünməmiş» debüt hazırladığını bildirmişdir. Artıq bu debüt baş tutmuşdur - yapon premium avtomobilləri istehsalçısı özünün Lexus LC 500 adlanan idman avtomobilini təqdim etmişdir. Yeni model 2012-ci ildə nümayiş etdirilmiş LF-LC konseptinin seriya variantıdır. Həqiqətən də, Lexus şirkəti bizləri təəccübləndirə bildi, çünki yeni avtomobilin zahiri görünüşü konseptdən heç nə ilə fərqlənmir.
Lexus LC 500 qabarit uzunluğu 4760 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1345 millimetrdir. Təkərlərarası bazanın uzunluğu 2870 millimetr təşkil edir. Beləliklə, yapon avtomobili BMW 6-Series kupesindən 134 millimetr qısa, 26 millimetr enli və 24 millimetr alçaqdır. Avtomobilin təkərlərarası bazası da rəqibi ilə müqayisədə 15 millimetr çoxdur.
Avtomobil yapon şirkətinin arxadan çəkişli və mühərriki öndə yerləşən GA-L adlanan platformasında hazırlanmışdır. Bu platforma digər Lexus’ların dayaradılması üçün istifadə ediləcəkdir. Lexus LC 500 öndə ikili şarnirli iki qollu, arxada isə çoxqollu asqı ilə təchiz edilir. Avtomobilin ağırlıq mərkəzini aşağı salmaq üçün, motor və oturacaqlar şassinin mərkəzinə doğru yerləşdirilib.
Avtomobilin çəkisi oxları arasında 52:48 nisbətində ön oxun xeyrinə bölüşdürülmüşdür. Belə nisbəti əldə etmək üçün, avtomobilin konstruksiyasında yüngül materiallardan istifadə edilmişdir.
Buna misal olaraq, karbondan istifadə edilməklə hazırlanan dam və qapı panellərini, həmçinin,kompozit materiallardan hazırlanmış baqaj döşəməsini göstərmək olar. Bundan əlavə, akkumulyator avtomobiln baqaj hissəsində yerləşdirilmişdir.
Lexus LC 500, GS F və RC F «bərkgedən» modellərində istifadə edilən, 5,0-litrlik səkkiz silindirli «atmosfer» mühərriki ilə təchiz edilir. Mühərrikin verimi 473 at qüvvəsi və 527 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı öz növbəsində, 10 diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır.
Avtomobilin iç məkanı konseptdəki qədər futurustik deyil
Lexus mühəndisləri bildiririlər ki, yeni qutu sürətlərin dəyişdirilməsi vaxtına görə, iki muftalı robotlaşdırılmış qutular ilə rəqabət aparmaq iqtidarındadır. Bununla belə, yeni qutunun ölçüləri və çəkisi 8-pilləli «avtomata» nisbətən daha azdır.
Bu tandem avtomobili 100 km/saat həddinə 4,5 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti açıqlanmamışdır.
Yeni avtomobil aktiv qapaqları olan buraxılış sistemi ilə təchiz edilmişdir. İdman rejimində idarəedilmə zamanı bu qapaqlar tamamilə açılır, standart rejimdə isə, qapaqlar yalnız dirsəkli valin dəqiqədə 3500 dövr etdiyi zaman açılır.
Bundan əlavə, sportkarda yeni Lexus multimedia sistemi də debüt etmişdir. Yeni sistem sələfindən təkmilləşdirilmiş qrafikası və yenidən işlənmiş proqram təminatı ilə seçilir. LC 500 üçün iki səs sistemi təklif edilir: kuzovun və interyerin tərtibatçılarının Pioneer firması ilə birlikdə yaratdığı standart olaraq quraşdırılan sistem, və opsional Mark Levinson sistemi.
Avtomobilin rəsmi satışlarının nə zaman başlanacağı da hələlik açıqlanmamış qalır. Əvvəllər yeni avtomobilin LC 500h adlanacaq hibrid variantının olacaöı da söyənilirdi.