Bir müddət əvvəl biz yeni Mercedes-Benz E-Class avtomobilinin fotoşəkilləribi və avtomobil haqqında müəyyən məlumat dərc etmişdik. E-Class'ın rəsmi təqdimat mərasimi bu gün işinə başlamış Şimali Amerikan Avtomobil Sərgisində (NAIAS) baş tutmuşdur. W213 kod adı altında tanınan E-Class sedanı, yeni C-Class və S-Class avtomobillərinin də istehsal edildiyi MRA modul platformasında yığılmışdır. Yeni avtomobilin təkrələrarası bazası 2939 millimetr təşkil edir ki, bu da sələfində olduğundan 63 millimetr daha çoxdur. E-Class’ın uzunluğu 43 millimetr artaraq 4923 millimetr təşkil etmişdir.
Avtomibilin zahiri görünüşü və iç məkanı barədə sizlərə kifayət qədər məlumat vermişik. Bu səbəbdən də yenidən bu barədə yazmağa lüzum görmürük və sadəcə bildirmək istərdik ki, avtomobil baza variantı, ənənəyə uyğun olaraq, klassik radiator barmaqlığı və kapot üzərindəki ulduz ilə seçiləcəkdir.
Avantgarde və AMG Line modellərini isə idman xüsusiyyətli radiator barmaqlığı sayəsində ayırd etmək mümkün olacaqdır.
Sirr deyil ki, E-Class modeli hər zaman mercedessevərlərin diqqət mərkəzində olmuşdur. Bu avtomobilin Mercedes-Benz şirkətinin model cərgəcində olan sedanlar arasında «qızıl orta»nı təşkil etdiyini desək yanılmarız. Bu səbəbdən bir çoxlarını yeni E-Class’da tətbiq edilmiş texnologiyalar daha çox maraqlanıdırır.
Bu gün biz həmin texnologiyalar haqqında məlumat vermək istərdik.
Avtomobilin işıq texnikası 84 fərdi tənzimlənən işıq diodları olan Multibeam ön fənərlərindən və Stardust (ulduz tozu) adlanan qırmızı sayrıntılı arxa fənərlərdən ibarətdir.ı
Gəlin güç aqreqatlarından başlayaq. İlk günlərdən yeni E-Class 2,0-litrlik benzin və dizel mühərriki ilə təklif ediləcəkdir. E200 modelinin 2,0-litrlik benzin mühərrikinin gücü 184 at qüvvəsi və 300 Nm fırlanma anı təşkil edəcəkdir. E200d modeli isə tam yeni 1950 sm³ iş həcmi olan OM654 ismli modul mühərriki ilə təchiz ediləcəkdir. Bu mühərrik alüminiumdan hazırlanmış silindirlər bloku və blok başlığı, dəyişən geometriyalı turbokompressorla və sürtünməni azaldan Nanoslide adlanan silindr örtüyü ilə seçilir.
Yeni dizel aqreqatın gücü 192 at qüvvəsi və 400 Nm fırlanma anı təşkil edir ki, bu mühərrik çoxlarına tanış olan 2143 sm³ həcmli «dizeli» əvəzləyəcəkdir. Mercedes-Benz nümayəndələrinin bildirdiyinə görə, yeni mühərrik 100 kilometrə cəmi 3,9 litr yanacaq sərf edəcəkdir və 100 km/saat sürətini 7,3 saniyəyə toplayacaqdır. Mühərrikin CO2 tullantılarının səviyyəsi 102 q/km-dir. Hər iki mühərrik doqquz pilləli 9G-Tronic avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır.
Sonradan yeni E-Class'ın mühərrik qamması pillə-pillə artırılacaqdır. E350d modeli 258 a.q. və 620 Nm f.a. olan 3,0-litrlik dizel mühərriki, E400 4Matic modeli isə 333 a.q. və 480 Nm f.a. olan 3,0-litrlik benzin mühərriki ilə təchiz ediləcəkdir. Bundan əlavə, tərkibinə 2,0-litrlik benzim mahərriki daxil olan 279 a.q. və 600 Nm f.a. olan hibrid versiyasının da təklif ediləcəyi göslənilir. Bir qədər sonra Ştutqartdan olan istehsalçı gücü 245 a.q. və 150 a.q. benzin və dizel mühərriklərini güc aqreqatları siyahısına əlavə edəcəkdir.
Avtomobil bir çox maraqlı texnologiyalar ilə təchiz edilir ki, bunlardan biri NFC (Near Field Communication) adlanan texnologiyadır. Yeni sistem smartfonu rəqəmsal açar kimi istifadə etməyə imkan verir. NFC həmçinin telefonu multimedia sistemi ilə birləşdirməyə də kömək edir. Telefon xarici antenna ilə birləşən zaman, naqilsiz meydança vasitəsilə doldurula da bilir.
Digər bir maraqlı texnologiya isə öndəki avtomobillə təhlükəsiz məsafəni 210 km/saat sürətində saxlaya bilən adaptiv kruiz-kontrol sistemidir. Elektronika yol üzərində olan və naviqasiya sisteminin yaddaşına yüklənmiş yol nişanlarına üyğun sürətin azaldılmasını da təmin edir. Sükan idarəetməsinə yardım sistemi nəinki zolaqları, hətta 130 km/saat sürətinə kimi ətraf infrastruksuru da izləyə bilir. Bunun sayəsində, xəttlərin pis göründüyü zonalarda sistem avtomobili zolaqda saxlaya bilir. Avtomatik dayanmadan 30 saniyə sonra heç bir hərəkət olmadıqda, sistem avtomobili avtomatik olaraq hərəkətə gətirir. Qəza əyləc sistemi ilk dəfə olaraq tıxacın sonunu aşkar edərək avtomobilin əvvəlkindən daha öncə dayanmasını təmin edir.
Mercedes-Benz E-Cıass yeni, zolaq dəyişmək üçün yardım sistemi olan, Active Lane-change Assistant ilə təchiz edilir ki, sürücü arzu edilən zolağı seçərək dönmə dəstəyinin hərəkəti ilə zolağı dəyişmək komandası verir. Zolağın boş olması halında sistem avtomatik olaraq bu komandanı yerinə yetirir. Yeni avtomobili artıq smartfon vasitəsi ilə park etmək də mümkündür.
Bundan əlavə, avtomobil Car-To-X sistemi sayəsində digər avtomobillərlə əlaqə yaradaraq, görünməyən döngələrdəki nəqliyyat vasitələri və ya yoldakı təhlükə barədə məlumat ala bilir. Pre-Safe Sound sistemi qəzadan əvvəl yüksək səs çıxardaraq sərnişinlərin qulağını zərbənin səsinə hazırlayır.
Yeni avtomobilin çox populyar olacağını indidən qeyd elə bilərik. Mercedes-Benz E-Class modelinin yeni nəslinin Azərbaycandakı satışlarının bu ilin may ayında başlanacağı məlumdur.