Audi şirkəti Detroyt avtosalonunda Q8 concept krossoveri ilə yanaşı Audi Q5 modelinin “bərkgedən” modifikasiyası olan SQ5 modelini ikinci nəslini nümayiş etdirmişdir. Sələfindən fərqli olaraq yeni “qaynar” Audi SQ5 modeli benzin mühərriki ilə hərəkətə gəlir.

Alman mütəxəssisləri 3,0-litrlik TDI mühərrikinı eyni həcmli benzin mühərriki ilə əvəz etmək qərarına gəlmişdirlər.  Bu mühərrik silindrlər blokunun bölünmə bucağında yerləşən iki qanadcığı olan yeganə turbokompressorla təchiz edilmişdir. Mühərrikin gücü 354 at qüvvəsi olsa da, onun fırlanma anı artaraq 500 Nm (+30 Nm) təşkil etmişdir. Audi SQ5 modeli 100 km/saat həddinə sürətlənməyə 5,4 saniyə sərf edir. Bu “qaynar” krossoverin  sələfindən 0,1 saniyə yavaş olduğundan xəbər verir. Audi SQ5 modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. Audi SQ5 krossoverinin ikinci nəsli 100 kilometr məsafəyə 8,3 litr yanacaq sərf edir ki, bu da əvvəlkindən 0,4 litr azdır. MLB modul platformasında yığılmış krossover sələfinə nisbətən daha iri ölçülərə malikdir: onun uzunluğu 4671 millimetr, eni – 1893 millimetr, hündürlüyü isə 1635 millimetr təşkil edir. Krossoverin təkər bazasının uzunluğu 2824 millimetrə bərabərdir. Audi SQ5 modelinin çəkisi 1995 kiloqram təşkil edir. Dizel mühərrikinin benzin aqreqatı ilə əvəzlənməsi 14 kiloqram çəkyə qənaət etməyə imkan vermişdir.

Yeni krossover həmçinin öndə və arxada beşqollu digər asma ilə, adaptiv amortizatorlar və yeni elektrik sükan gücləndiricisi ilə sələfindən fərqlənir. Əlavə ödənişlə aktiv arxa differensialı və pnevmoasması sifariş etmək olar. Zahiri cəhətdən “qaynar” krossover adi Audi Q5 modelindən qara rəngli radiator barmaqlığı və haşiyələrlə, 20 və 21 düymlük təkər diskləri və yan güzgülərin gümüşü rəngli gövdəsi ilə fərqlənir.

Audi SQ5 modelinin salonunun tərtibatında alkantara, karbon və dəridən, həmçinin seçilən tikişlərdən istifadə edilir.  Standart Audi Q5 modeli kimi, SQ5 modifikasiyası da virtual cihazlar panelini və 8,3-düymlük displeyi olan yeni MMI multimedia sistemini əldə etmişdir. Audi SQ5 modelinin istehsalı alman şirkətinin Meksikadakı zavodunda yerləşdirilmişdir. Avtomobilin Almaniyadakı satışlarına bu ilin ortalarında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt