Chevrolet şirkəti Detroyt avtosalonunda Traverse krossoverinin yeni nəslini nümayiş etdirmişdir. ABŞ bazarında Toyota Highlander, Honda Pilot və Ford Explorer modelləri ilə rəqabət aparan iri ölçülü krossover artıq dünya bazarlarına da çıxmaq niyyətindədir.
Amerikalı istehsalçının nümayəndələrinin sözlərinə görə, yeni nəsil Traverse modeli alıcıları daha müasir dizaynl sayəsində cəlb etməlidir. Chevrolet Traverse modelinin ilk nəsli hündür klirensi olan miniveni xatırlatsa da, avtomobilin ikinci nəsli daha çox Chevrolet Suburban nəhəngini xatırladır. Yeni model iri radiator barmaqlıqlarını, yastı yan tərəfi, güclü dayaqları və «kvadrat» formalı təkər tağlarını əldə etmişdir. Krossoverin qabarit ölçüləri demək olar ki, dəyişməsə də, onun təkər bazasının uzunluğu 50 millimetr artaraq 3071 millimetrə bərabər olmuşdur.
Müqayisə üçün, Explorer 2860 millimetrlik bazaya, Highlaner və Pilot isə daha qısa təkər bazasına malikdirlər.
Krossoverin salonu da son Chevrolet modellərinin dizayn üslubunda tərtib edilmişdir. Burada hamar xəttləri, bu markaya xas olan düymə və dəstəkləri, həmçinin Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və Wi-Fi giriş nöqtəsi təklif edən yeni MyLink multimedia sistemini görmək olar. Yeri gəlmişkən, multimedia sisteminin ekranın arxasında gizli saxlanc yeri də mövcuddur. Chevrolet Traverse modeli əvvəlki kimi üç oturacaq cərgəsinə malikdir ki, sonuncu cərgədə rahatlıqla üç sərnişin əyləşə bilər. İkinci cərgənin oturacaqlarının üç nəfərlik divan və ya iki ayrı «kapitan» oturacağı ilə sifariş etmək olar. Yəni, krossover oturacaqların quruluşundan asılı olaraq yeddi və ya səkkiz yerlik ola bilər. Traverse modelinin baqaj bölümünün həcmi 651 litr təşkil edir ki, arxa cərgələrinin oturacaqlarının açılması halında bu rəqəm 2789 litrə çatır.
Chevrolet Traverse əvvəlki kimi, 309 at qüvvəsi və 351 Nm fırlanma anı olan 3,6-litrlik V6 mühərriki ilə təchiz edilir. Lakin, artıq krossover «idman» RS modifikasiyasına malik olmuşdur ki, bu variant da 258 at qüvvəli və 400 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindrli turbomühərriklə təklif edilir. Hər iki güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Avtomobilin standart variantları Traction Mode Select funksiyasına malik olan öndən çəkiş sistemi ilə təchiz edilir. Qoşulan tam çəkiş sistemini isə əlavə ödənişlə əldə etmək olar.
Bundan başqa, krossover High County adlı lyuks variantda təklif ediləcəkdir ki, bu variant da salonun daha zəngin tərtibatı, üçüncü cərgənin elektriklə qatlanması və GKN firmasının «iki muftalı» tam çəkiş sistemi ilə təchiz edilir. Bu sistem artıq GMC modellərindən tanışdır və mahiyyətcə adi sistemdən o qədər də fərqlənmir: muftanın biri fırlanma anının arxa təkərlərə ötürülməsinə məsuliyyət daşıyır, ikincisi isə arxa differnsialın qapanma dərəcəsinə nəzarət edir.
Opsiyalar siyahısına iki şüşə lyuk, dairəvi müşahidə kameraları, içıqdiodlarından olan fənərlər və köməkçi elektron yardımçılar kompleksi daxildir. ABŞ bazarında yeni Chevrolet Traverse modeli payızda satışa çıxarılacaqdır. Avtomobilin Azərbaycan bazarında təklif ediləcəyi dəqiqləşdirilməmişdir.