Bildindiyi kimi, GMC markası General Motors konserninin iyerarxiyasında «yarımpremium» liqasında çıxış edir. Bu o deməkdir ki, GMC modelləri adi Chevrolet avtomobillərindən bir pillə yuxarıda, lakin premium sinfində yarışan Cadillac modellərindən bir pillə aşağıda yerləşirlər.
Bundan başqa, GMC modelləri hər zaman brutal görkəmləri ilə seçilirdilər. Lakin, Detroyt avtoslonunda təqdim edilmiş GMC Terrain modeli bu ənənələri pozmuşa bənzəyir. Yeni model vergül şəkilli ön fənərlər, bumeranqşəkilli arxa işıq texnikası, kəskin yuxarı qalxan pəncərə xətti və «havada süzən» tavan xətti ilə seçilir. Əvvəlki brutal formalardan qalan yalnız möhtəşəm radiator barmaqlığı və «kvadrat» formalı təkər tağlarıdır. Amerikalılar Terrain modelinin ikinci nəslini bu markanın yeni dizayner fəlsəfəsinin ilk nümunəsi kimi qələmə verirlər.
Texniki cəhətdən GMC Terrain keçən ilin payızında təqdim edilmiş Chevrolet Equinox modelinin bənzəridir. Yeni Terrain sələfindən daha yığcam alınmışdır: onun uzunluğu 81 millimetr azalaraq 4630 millimetrə, təkər bazası isə 132 millimetr qısalaraq 2725 millimetrə bərabər olmuşdur. Artıq GMC Terrain ölçülərinə görə Honda CR-V və Mitsubishi Outlander modelləri ilə, demək olar ki, eynidir. Avtomobilin interyeri GMC modellərinə xas olan üslubda tərtib edilmişdir. Lakin mərkəzi tuneldə, ötürmələr qutusunun dəstəyinin əvəzinə xırda əşyalar üçün yerlər və iki stəkanaltı yerləşdirilmişdir.
GMC Terrain
Ötürmələr qutusunun rejimlərinin dəyişdirilməsinə isə, mərkəzi konsolun aşağı hissəsində yerləşən düymələr bloku cavabdehdir. Maraqlıdır ki, dağ yollarında və ya qoşqu ilə hərəkət etmək üçün nəzərdə tutulmuş L düyməsinin yanında ötürmələri dəyişən + və - düymələri yerləşdirilmişdir. Fikrimizcə, bu o qədər də düşünülmüş həll yolu deyildir. GMC Terrain əvvəlki kimi beş yerlik salonla təklif edilir. İkinci cərgənin oturacaqlarının qatlanması halında, avtomobilin sahibi tamamilə düz olan döşəməni əldə etmiş olur. Baqaj bölümünün maksimum həcmi 1792 litr təşkil edir. Krossoverin standart təchizatına aktiv səsboğma sistemi, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, Wi-Fi giriş nöqtəsini təklif edən məlumat-əyləncə kompleksi daxildir. Opsiyalar siyahısına şüşə tavan, dairəvi müşahidə kameraları və yardımçı elektronika kompleksi daxil edilmişdir.
GMC Terrain Denali
Krossover GMC modellərinə xas olan Denali modifkasiyasında da təklif ediləcəkdir. Bu modifikasiya bahalı dəri və alüminiumla işlənmiş salona, Bose səs sisteminə, işıqdiodlarından fənərlər və eksteryerin xromla işlənməsinə malikdir.
GMC Terrain modelinin mühərrik çeşidinə 173 at qüvvəli 1,5-litrlik dörd silindrli turbomühərrik, 256 at qüvvəli 2,0-litrlik turbomühərrik və 139 at qüvvəli 1,6-litrlik dizel mühərriki daxil edilmişdir. Benzin güc aqreqatları 9 pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilsələr də, dizel aqreqatı 6 pilləli «avtomatla» kifayətlənmək məcburiyyətindədir. GMC Terrain həm öndən, həm də tam çəkişli ola bilər. Hər iki halda, ESP və akselerator pedalının hissiyatını dəyişən Traction Select sistemi mövcud olacaqdır.
GMC Terrain modelinin ABŞ bazarındakı satışlarına bu ilin yay aylarında başlanacaqdır. 115 ölkənin bazarında satılacaq Chevrolet Equinox modelindən fərqli olaraq GMC Terrain ancaq amerikalılara qismət olacaqdır.