Infiniti şirkəti Detroyt avtosalonun başlanmasını gözləmədən QX50 konsepti üzərindən sirr pərdəsini qaldırdığını yazmışdır. Lakin o zaman, istehsalçı yalnız konseptin eksteryerini nümayiş etdirmək qərarına gəlmişdir.
Artıq konseptin salonunun da dizaynı sirr deyildir. İnteryerə nəzər saldıqda konseptlərə məxsus futurustik salonu deyil, seriyaöncəsi interyeri müşahidə etmiş oluruq. Buna misal olaraq İnfiniti Q60 və QX30 seriya modellərində istifadə edilmiş həll yollarının qarışığını göstərmək olar. Çox güman ki, İnfiniti QX50 modelinin seriya variantının interyeri bu qədər dəbdəbli olmayacaqdır və bir qədər cazibədarlığını itirəcəkdir. Yeni İnfiniti QX50 krossoverinin carçısı olan QX50 Concept prototipi, bu ilin yazında Pekində nümayiş etdirilmiş QX50 Sport İnspiration konseptinin məntiqi davamçısıdır. Yapon şirkətinin nümayəndələrinin sözlərinə görə bu konsept, İnfiniti markasından olan bütün krossover və ofroderlərin dizaynı haqqında təsəvvür yaratmalıdır.
ProPİLOT sisteminə gəldikdə isə, yaponlar onun sürücüyə yardım sistemlərinin genişləndirilmiş variantı olduğunu bildirmişdirlər. Yəni bu sistemi tam avtonom idarəetmə sistemi adlandırmaq olmaz. Belə ki, sürücü bir sıra funksiyaların icrasını sistemə həvalə edə bilər. Bunlara misal olaraq sərbəst şəkildə sürətlənməni və əyləcləməni, şossedə avtomobili idarə etməyi, həmçinin ətrafdakı hərəkətliliyə nəzarət funksiyasını və təhlükəsiz məsafənin saxlanmasını göstərmək olar.
Eyni zamanda, yaponlar Detroytda yeni VC-Turbo adlanan benzin mühərrikini də nümayiş etdirmək fikrindədirlər. Yaponların sözlərinə görə yeni mühərrik, dəyişən sıxılma əmsalı olan ilk seriya güc aqreqatı olacaqdır. Aqreqatın əsas üstünlüyü dəyişən və maksimal effektivliyi təmin edən rejimlərdə işləməsidir: sıxılma əmsalı 8:1 (maksimal gücü təmin etmək üçün) - 14:1 nisbəti (maksimal qənaətcillik üçün) arasında dəyişə bilər.
2,0-litrlik turbomühərrikin gücü 272 at qüvvəsi, fırlanma anı isə 390 Nm təşkil edəcəkdir.
Yapon mühəndislərinin iddiasına görə yeni mühərrik altı silindrli mühərriklərlə rəqabət aparmaq iqtidarındadır. Bununla belə, yeni mühərrik eyni güc xarakteristikalarına malik olan altı silindrli aqreqatlardan 30% qənaətcil olacaqdır.