İnfiniti şirkəti bu ay işinə başlayacaq Detroyt avtosalonunda növbəti nəsil QX50 krossoverinin konseptini nümayiş etdirəcəyini bildirmişdir. Lakin, yaponlar avtosalonun açılmasını gözləmədən İnfiniti QX50 Concept prototipinin üzərindən sirr pərdəsini qaldırmaq qərarına gəlmişdirlər.
Prototip yeni krossoverin eksteryerinin dizaynını göstərməklə bərabər, seriya krossoverində debüt edəcək ProPİLOT avtonom idarəetmə sistemini də nümayiş etdirməlidir.
Yeni İnfiniti QX50 krossoverinin carçısı olan QX50 Concept prototipi, bu ilin yazında Pekində nümayiş etdirilmiş QX50 Sport İnspiration konseptinin məntiqi davamçısıdır. Yapon şirkətinin nümayəndələrinin sözlərinə görə bu konsept, İnfiniti markasından olan bütün krossover və ofroderlərin dizaynı haqqında təsəvvür yaratmalıdır. ProPİLOT sisteminə gəldikdə isə, yaponlar onun sürücüyə yardım sistemlərinin genişləndirilmiş variantı olduğunu bildirmişdirlər. Yəni bu sistemi tam avtonom idarəetmə sistemi adlandırmaq olmaz. Belə ki, sürücü bir sıra funksiyaların icrasını sistemə həvalə edə bilər.
Bunlara misal olaraq sərbəst şəkildə sürətlənməni və əyləcləməni, şossedə avtomobili idarə etməyi, həmçinin ətrafdakı hərəkətliliyə nəzarət funksiyasını və təhlükəsiz məsafənin saxlanmasını göstərmək olar.
Eyni zamanda, yaponlar Detroytda yeni VC-Turbo adlanan benzin mühərrikini də nümayiş etdirmək fikrindədirlər. Yaponların sözlərinə görə yeni mühərrik, dəyişən sıxılma əmsalı olan ilk seriya güc aqreqatı olacaqdır. Aqreqatın əsas üstünlüyü dəyişən və maksimal effektivliyi təmin edən rejimlərdə işləməsidir: sıxılma əmsalı 8:1 (maksimal gücü təmin etmək üçün) - 14:1 nisbəti (maksimal qənaətcillik üçün) arasında dəyişə bilər.
2,0-litrlik turbomühərrikin gücü 272 at qüvvəsi, fırlanma anı isə 390 Nm təşkil edəcəkdir.
Yapon mühəndislərinin iddiasına görə yeni mühərrik altı silindrli mühərriklərlə rəqabət aparmaq iqtidarındadır. Bununla belə, yeni mühərrik eyni güc xarakteristikalarına malik olan altı silindrli aqreqatlardan 30% qənaətcil olacaqdır.