Kia şirkəti bu gün işinə başlayan Detroyt avtosalonunda Stringer modelini rəsmi olaraq təqdim etmişdir. İstehsalçı bu avtomobili özünün tarixində istehsal edilən ən güclü model kimi xarakterizə edir.
Kia Stringer modeli 2,0-litrlik dörd silindrli turbomühərrik və 3,3-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təklif ediləcəkdir. Bu güc aqreqatlarından birincisi 255 at qüvvəsinə, ikincisi isə 365 at qüvvəsinə malik olacaqdır.
Hər iki mühərrik səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Avtomobilin top variantı 100 km/saat həddinə 5.1 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürətə malikdir. Yeni avtomobil 55 faizi yüksək sərtlikli polladdan olan arxadan çəkişli platformada yığılmışdır.
Kia Stinger öndə McPherson asması, arxada isə çoxqollu asma ilə təchiz edilmişdir. Bundan başqa, model adaptiv amortizatorlara və dəyişən qüvvəli sükan gücləndiricisinə sahib olmuşdur. Kia Stinger həm arxadan çəkişli, həm də tam çəkişli variantlarda təklif ediləcəkdir.
Sonuncu halda, avtomobil ilişmə saviyyəsi az olan təkərləri yavaşladan dartma vektoruna nəzarət sistemi ilə təchiz ediləcəkdir. Arxadan çəkişli variant isə, yüksək sürtünməli differensialı əldə edəcəkdir.
Kia Stinger modelinin avadanlıq siyahısına işıq diodlarından hazırlanmış ön fənərlər, Nappa dərisi ilə üzlənmiş oturacaqlar, idarəetmə elektronikasının dəyişmə rejimləri (Eco,Sport, Comfort və Smart), 18 və 19 düymlük (3,3-litrlik mühərrik ilə) təkər diskləri, proyeksiya displeyi və smartfonların naqilsiz doldurulması sistemi daxil edilmişdir. Elektron yardımçılar və təhlükəsizlik sistemlərinə gəldikdə isə, avtomobil öndən toqquşmaları önləyən və avtomatik əyləcləmə sistemləri, adaptiv kruiz-kontrol, zolaqlara nəzarət və arxaya hərəkət zamanı yaxınlaşan avtomobillər barədə xəbərdarlıq edən sistemlər ilə təchiz edilir.
Kia Stinger modelinin satışlarına bu ilin sonunda başlanmalıdır. Elə o zamanda Kia Stinger modelinin staış qiymətləri səsləndiriləcəkdir.