Mercedes-Benz şirkəti Detroyt avtosalonuna Mercedes-AMG GT modelinin yenilənmiş variantını gətirmişdir. Yenilənmiş sportkar daha güclü olmuş və aktiv aerodinamikanı əldə etmişdir. Bundan əlavə, superkar tam idarəolunan şassiyə malik olan GT C modifikasiyasını da əldə etmişdir.
Mercedes-AMG GT modelinin baza variantı 476 at qüvvəsi və 630 Nm fırlanma anı olan 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir.
Yenilənmiş superkar sələfindən 13 at qüvvəsi və 30 Nm daha güclü olmuşdur. Beləliklə, kupe 2016-cı ilin payızında təqdim edilmiş Mercedes-AMG GT rodsteri ilə eyni gücə malikdir. Mercedes-AMG GT S modelinin mühərriki 522 at qüvvəsinə və 670 Nm fırlanma anına malikdir ki, bu da əvvəlkindən 12 at qüvvəsi və 20 Nm çoxdur.
Bununla belə, avtomobillərin sürətlənmə göstəriciləri dəyişilməmiş qalmışdır - müvafiq olaraq 4,0 və 3,8 saniyə. Onların maksimal sürəti isə, müvafiq olaraq 304 və 310 km/saat təşkil edir.
Mercedes-AMG GT S (solda) və Mercedes-AMG GT C Edition 50 (sağda)
Mercedes-AMG GT modelinin bütün modifikasiyaları ön bamperdə olan Airpanel aktiv çəpərləri ilə təchiz edilirlər. Bu çəpərlər, hərəkət şəraitindən asılı olaraq avtomatik olaraq bir saniyəyə açılıb-bağlanırlar. Aşağı sürətlərdə mühərrikin soyudulmasına ehtiyac olmadıqda onlar aerodinamik müqaviməti azaltmaq üçün bağlanır. «Döyüş» rejimində isə çəpərlər avtomatik olaraq açılırlar.
Bundan başqa AMG GT kupesi zahiri cəhətdən rodsterlə bənzərlik daşıyır. Söbət Mercedes-AMG GT3 üslubunda olan radiator barmaqlığından və başqa kuzov dəstindən gedir.
«Qaynar» Mercedes-AMG GT C kupesi isə təchizatına görə bundan əvvəl təqdim edilmiş eyni adlı rodsterlə eynidir.
Mercedes-AMG GT S və 585 at qüvvəli «bərkgedən» Mercedes-AMG GT R modellərinin arasında yer alan GT C kupesi 557 at qüvvəli və 680 Nm fırlanma anı olan mühərriki əldə etmişdir. İlk 100 km/saat sürətinin GT C modli 3,7 saniyəyə toplayır və 317 km/saat maksimal sürətə malikdir.
Eyni zamanda Mercedes-AMG GT C modeli nəinki tam idarəolunan şassi ilə, həmçinin AMG Ride Control idman adaptiv asması və elektron idarəetməli yüksək sürtünməli differensialla təchiz edilir. Kupenin satışları AMG brendinin 50 illik yubileyinə həsr edilmiş Edition 50 xüsusi seriyası ilə başlayacaqdır.