Volkswagen şirkəti yanvar ayının 9 tarixində işinə başlamış Detroyt avtosalonunda Tiguan krossoverinin Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş uzun bazalı variantını təqdim etmişdir. Çin bazarında Volkswagen Tiguan L kimi tanınan krossover Amerika qitəsində heç bir indeksi olmadan satılacaqdır.
Avropa bazarında Tiguan Allspace adı alıtnda satılacaq yeddi yerli krossoverin təkər bazası uzunluğu adi krossoverdə olduğundan 110 millimetr çoxdur. Bu o deməkdir ki, Tiguan Allspace modelinin təkər bazasının uzunluğu 2791 millimetrə bərabərdir. Eyni zamanda, Volkswagen Tiguan Allspace modelinin qabarit uzunluğu adi krossoverə nisbətən 215 millimetr artırılmışdır və 4704 millimetr təşkil edir. Krossoverin artmış ölçüləri sayəsində arxa sərnişinlərin ayaq zonasında məkan da 60 millimetr çoxalmışdır. Bundan əlavə, baqaj bölməsinin tutumu 115 litr artırılmışdır ki, onun həcmi 730 - 1770 litr arasında dəyişir.
Əlbəttə ki, Volkswagen Tiguan Allspace modelinin salonu 5+2 formuluna əsasən tərtib edilmişdir. İkinci cərgənin oturacaqlarını irəli-geri sürüşdürmək də mümkündür. Qısa bazalı Tiguan modelində olduğu kimi, Avropada təklif ediləcək Tiguan Allspace modifikasiyası üç təchizat səviyyəsində - Trendline, Comfortline və Highline səviyyələrində satılacaqdır. Tiguan Allspace modelinin mühərrik çeşidinə üç benzin və üç dizel mühərriki daxil olcaqdır. Benzin mühərrikləri 150, 180 və 220 at qüvvəsi, dizel güc aqreqatları isə 150, 190 və 240 at qüvvəsi ilə təklif edəcəckdirlər. Güc aqreqatları iki muftalı robotlaşdırılmış DSG ötürmələr qutusu ilə birgə çalışacaqdırlar. 150 at qüvvəli mühərriklər ilə komplektləşdirilmiş krossoverlər istisna olmaqla, qalan modifikasiyalar tam çəkiş sistemi ilə standart olaraq təchiz ediləcəkdir.
Bütün Tiguan modellərinin avadanlıq siyahısına Android Auto, Apple CarPlay və MirrirLink əlavələrini dəstəkləyən multimedia sistemi, naviqasiya sistemi, adaptiv kruiz-kontrol, zolaqlara nəzarət, piyadaları aşkarlayaraq öndən toqquşmaları xəbərdar edən və avtomatik əyləcləməni həyata keçirən sistemlər, həmçinin virtual cihazlar paneli də daxil edilmişdir.